Ordu.az xəbər verir ki, ROKETSAN-ın baş direktoru Murat İkinci “SavunmaSanayiST.com”a açıqlamasında anti-pilotsuz uçuş aparatı müdafiə sistemi, mini qanadlı raket, uzaqmənzilli tank əleyhinə sistem və aşağı əlavə zərərli yeni sursat konsepsiyalarını təqdim edib.
Murat İkinci sərgidə dörd yeni məhsulun təqdimatını həyata keçirdiklərini və bu sistemlərin öz sahəsində fərq yaradacağını bildirib.
İkinci deyib: “Məhsullarımızın hamısı öz sahəsində dünyada həqiqətən maraq görəcək və fərq yaradacaq məhsullardır”.
ROKETSAN-ın ön plana çıxardığı sistemlərdən biri CİRİT əsaslı hazırlanan antidron həlli olub.
Son dövrdə artan pilotsuz uçuş aparatı və “gəzən sursat” təhdidlərinə qarşı hazırlanan sistemin xərc baxımından effektiv hava hücumundan müdafiə təmin etməsi hədəflənir.
Murat İkinci bildirib: “Bu pilotsuz uçuş aparatı həlli pilotsuz uçuş aparatlarından qaynaqlanan təhdidləri xərc baxımından effektiv şəkildə aradan qaldırmaq üçün hazırladığımız bir həll yoludur”.
Uzun müddətdir seriyalı istehsalda olan CİRİT raketində edilən dəyişikliklərlə onun yerdən havaya təsirli hava hücumundan müdafiə raketi kimi istifadəsinin nəzərdə tutulduğunu bildirən İkinci bunu xüsusi vurğulayıb.
PUSU silah sistemi üzərində nümayiş etdirilən antidron həllinin xüsusilə aşağı xərcli hava təhdidlərinə qarşı yeni müdafiə təbəqəsi formalaşdırması planlaşdırılır.
Sərgidə təqdim edilən digər sistem isə “Roketsan”ın yeni mini qanadlı raketi olub.
Murat İkinci çoxsaylı atış konsepsiyasına uyğun hazırlanan raketin sürətli istehsal edilə bilən və xərc baxımından effektiv həll kimi layihələndirildiyini, xüsusilə silahlı pilotsuz uçuş aparatı platformalarına ciddi töhfə verəcəyini bildirib.
İkinci qeyd edib: “Mini qanadlı raketin fəlsəfəsi çoxsaylı atışa uyğun, çox sürətli istehsal edilə bilən və xərc baxımından effektiv qanadlı raket hazırlamaq idi”.
250 kilometr mənzilə malik sistemin aşağı xərcli dəqiq zərbə konsepsiyasında mühüm rol oynaması planlaşdırılır.
ROKETSAN-ın tank əleyhinə sistem ailəsinin yeni üzvü kimi təqdim edilən CİDA “hava-yer” tapşırıqlarında 55 kilometr, qurudan-quruya isə 35 kilometr mənzili ilə diqqət çəkib.
Sistemin görüntü ötürülməsi dəstəkli görüşdənkənar nişanalma qabiliyyətinə malik olduğunu bildirən Murat İkinci deyib: “Helikopter pilotunun və ya platforma üzərindəki istifadəçinin hədəfi birbaşa görmədən atış həyata keçirə və sonradan yönləndirə biləcəyi bir sursatdır”.
İkinci əlavə edib: “Xüsusilə uzaqmənzilli nişanalmalarda platformalarımıza çox ciddi dəyər qatacağını düşünürük”.
Sərgidə təqdim olunan sistemlərdən biri də NEŞTER olub.
Partlayıcı olmayan quruluşu ilə diqqət çəkən sistemin xüsusilə həssas əməliyyatlarda ətraf mühitə dəyən zərəri minimuma endirməyi hədəflədiyi bildirilib.
Murat İkinci deyib: “NEŞTER-in əsas məqsədi əlavə zərəri minimuma endirəcək və təhdidləri aradan qaldıracaq texnologiyanı Silahlı Qüvvələrimizə qazandırmaqdır”.
ROKETSAN-ın SAHA 2026 sərgisində təqdim etdiyi dörd yeni sistemin aşağı xərcli istehsal, yüksək dəqiqlik və yeni nəsil müharibə konsepsiyalarına yönəlmiş yanaşmanın bir hissəsi olduğu qiymətləndirilir.
Sevinc Əliyeva
Ordu.az