Ordu.az xəbər verir ki, ASELSAN-ın baş direktoru Ahmet Akyol “SavunmaSanayiST.com”a açıqlamasında TOYGUN, KARAT və ARTLINK GHOST kimi sistemlərin KAAN və KIZILELMA kimi platformalara ciddi əməliyyat üstünlüyü qazandıracağını bildirib.
Ahmet Akyol ASELSAN-ın radar texnologiyaları sahəsində kritik səviyyəyə çatdığını və çip dizaynından istehsala qədər bütün proseslərin Türkiyədə həyata keçirildiyini qeyd edib.
Akyol, “Radar sahəsində böyük səriştə əldə etmişik. Çip dizaynlarını Türkiyədə ASELSAN-da hazırlayırıq. Çip istehsalı müəssisəmiz var. Ucdan-uca bütün radar sistemini layihələndirib istehsal etmək gücünə sahibik”, - deyə bildirib.
Akyol MURAT radarının hava platformalarına ciddi qüvvə çarpanı qazandırdığını vurğulayıb: “Hazırda hava vasitələri üzərində həqiqətən patrul tapşırığı da yerinə yetirə biləcək bir radar mövcuddur”.
MURAT radarının ilk “hava-hava” atışında istifadə edildiyini bildirən Ahmet Akyol sistemin çox sayda qabaqcıl rejimə və 40-a yaxın funksiyaya malik olduğunu söyləyib.
O, radarın yalnız avadanlıq deyil, proqram təminatı baxımından da ciddi imkanlar təqdim etdiyini vurğulayıb.
Ahmet Akyol ASELSAN-ın 5-ci nəsil döyüş təyyarələri üçün hazırladığı TOYGUN sisteminə də toxunaraq bildirib: “TOYGUN hazırda bizim KIZILELMA-mızla birlikdə uçur, sınaqlarını da izləyirik”.
Akyol aşağı radara görünmə qabiliyyətini qoruyacaq xüsusi optik həllin hazırlandığını qeyd edib: “Çox az hissəsi çöldə qalsa da, radara görünməni aşağı salan və yaxşı optik performans göstərən fərqli texnoloji həll mövcuddur”.
TOYGUN-un müxtəlif versiyalarının KAAN üçün də kritik rol oynayacağını bildirən Akyol sistemin lazer işarələmə qabiliyyəti ilə ön plana çıxdığını qeyd edib.
Ahmet Akyol ASELSAN-ın yeni nəsil IRST həlli olan KARAT barədə də məlumat verərək sistemin elektro-optik üsullarla radar vəzifəsini yerinə yetirdiyini bildirib.
Akyol bildirib: “Xüsusilə aşağı görünürlüklü təyyarələrin bunlarla aşkarlanmasında müəyyən üstünlüklər var”.
ASELSAN-ın IRST infrastrukturunu daha əvvəl dəniz platformalarında PİRİ ilə istifadə etdiyini xatırladan Akyol bu texnologiyanın artıq hava platformalarına da inteqrasiya edildiyini bildirib.
Müasir hava müharibəsində əməliyyat müxtəlifliyinin kritik əhəmiyyət daşıdığını bildirən Ahmet Akyol radar, IRST, məlumat bağlantısı və şəbəkə mərkəzli əməliyyat anlayışlarının birlikdə işləməsinin vacibliyinə diqqət çəkib.
O, bəzən yerdən havaya, bəzən isə havadan yerə məlumat ötürülməsinin önəm qazandığını bildirərək deyib: “Onları bir-birinə şəbəkə kimi bağlamaq kritikdir”.
Ahmet Akyol ASELSAN-ın aşağı radara görünmə qabiliyyətli məlumat bağlantısı həlli olan ARTLINK GHOST barədə də danışaraq sistemin müasir döyüş meydanında yeni əməliyyat çevikliyi təmin edəcəyini bildirib.
“Bəzən radardan istifadə etmədən əməliyyat aparmağa doğru gedən yol xəritəmiz də var. Bu məhsulların sahədə yaradacağı fərqi yaxın dövrdə birlikdə görəcəyimizi deyə bilərəm”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az