Ordu.az xəbər verir ki, Kaya Kallas bu barədə Brüsseldə keçirilən Avropa İttifaqı Müdafiə Nazirləri Toplantısından əvvəl danışıb.
Kallas Avropanın müdafiə sənayesi istehsalını sürətləndirməsinin və ehtiyac duyduğu potensialı mümkün qədər öz imkanları hesabına istehsal etməsinin zəruri hala gəldiyini bildirib.
O qeyd edib ki, toplantıda Avropa Müdafiə Agentliyinin (EDA) nümayəndələri də iştirak edəcək və görüşlərdə ortaq layihələr, eləcə də innovasiya məsələləri müzakirə olunacaq.
Kallas bildirib: “Üzv dövlətlərdə bir-biri ilə uyğun olmayan çox sayda layihə mövcuddur. Üzv ölkələri həm ortaq tədarük, həm də innovasiya sahəsində daha çox əməkdaşlığa təşviq etməliyik”.
Müdafiə sənayesi nümayəndələrinin də toplantıda iştirak edəcəyini qeyd edən Kallas Avropada müdafiəyə ayrılan resursların artmasına baxmayaraq istehsal potensialının istənilən sürətlə böyümədiyini vurğulayıb.
Kallas qeyd edib: “Müdafiə istehsalımızı daha sürətli şəkildə artırmalıyıq. Ortaq tədarük yolu ilə ehtiyac duyduğumuz müdafiə potensialını özümüz istehsal edən vəziyyətə gəlməliyik”.
Toplantının əsas mövzularından birinin Ukraynaya veriləcək dəstək olacağını bildirən Kallas Ukrayna müdafiə naziri Mixaylo Fedorovun da görüşlərdə iştirak edəcəyini açıqlayıb.
Kallas Ukraynaya ayrılacaq 90 milyard avroluq kredit paketinin necə istifadə ediləcəyi və bu vəsaitin Kiyevin təcili ehtiyaclarını necə qarşılayacağı məsələlərinin qiymətləndiriləcəyini bildirib.
O, həmçinin Yaxın Şərqdəki hadisələrin də toplantının əsas gündəm maddələri arasında yer aldığını qeyd edib.
Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülhməramlı Qüvvələrinin fəaliyyət müddətinin ilin sonunda başa çatacağını xatırladan Kallas Livan Silahlı Qüvvələrinə dəstək məqsədilə yeni Avropa missiyasının yaradılmasının müzakirə olunduğunu deyib.
Kallas əlavə edib ki, Hörmüz boğazındakı vəziyyət də müzakirə ediləcək və “Aspides” əməliyyatının səlahiyyət planında əməliyyat dəyişikliklərinin aparılması gündəmdədir.
“Əgər üzv dövlətlər “Aspides”i gücləndirsə və daha çox gəmi ayırsa, lazım olan struktur artıq mövcuddur”, - deyə o vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az