Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreya mətbuatında məlumat yayılıb.
Məlumata görə, yerli istehsal KAI KF-21 “Boramae” döyüş təyyarəsi proqramının ikinci mərhələ istehsal xərcləri əhəmiyyətli dərəcədə artıb.
“Yonhap” agentliyinin xəbərinə əsasən, Cənubi Koreyanın Müdafiə Təchizat Proqramları İdarəsi (DAPA) tərəfindən yayımlanan hesabatda ikinci istehsal mərhələsinin xərcinin 2024-cü il avqust ayındakı proqnozla müqayisədə təxminən 29,5 faiz artaraq 12,5 milyard dollara çatdığı bildirilib.
Hesabatda xərc artımının əsas səbəbləri arasında inflyasiya və qlobal təchizat zəncirindəki problemlər göstərilib.
Məlumata görə, artan xərclər səbəbindən DAPA KF-21 döyüş təyyarələrinin xidmətə qəbul təqviminin təxirə salınması ilə bağlı Cənubi Koreya Hərbi Hava Qüvvələri ilə danışıqlar aparır.
Buna əsasən, istehsalın ilk mərhələsində təxminən 1 il, ikinci mərhələsində isə 2-3 il gecikmə yaşana biləcəyi qiymətləndirilir.
2015-ci ildə başladılan KF-21 proqramı çərçivəsində hazırlanan döyüş təyyarələrinin Cənubi Koreya inventarındakı “McDonnell Douglas F-4 Phantom II” və “Northrop F-5” döyüş təyyarələrini əvəz etməsi planlaşdırılır.
Proqramın ilk mərhələsində 2028-ci ilə qədər “hava-hava” tapşırıqları yerinə yetirmək qabiliyyətinə malik 40 ədəd KF-21 istehsalının həyata keçirilməsi nəzərdə tutulurdu.
İkinci mərhələdə isə 2032-ci ilə qədər “hava-yer” tapşırıqları yerinə yetirmək qabiliyyətinə malik əlavə 80 təyyarənin istehsalı planlaşdırılır.
Yerli istehsal olan ilk KF-21 döyüş təyyarəsinin təqdimat mərasimi 2026-cı il martın 25-də keçirilib.
Sevinc Əliyeva
Ordu.az