B-1B “Lancer” uzaqmənzilli strateji bombardmançısı yenidən xidmətdədir. Təyyarə Texas ştatındakı “Dyess” Hərbi Hava Qüvvələri bazasında donanmaya qoşulmazdan əvvəl Oklahoma ştatındakı “Tinker” Hərbi Hava Qüvvələri bazasında rənglənmə də daxil olmaqla son yenilənmə işlərindən keçib.
86-0115 bort nömrəli “Lancer” həmçinin “Apocalypse II” ləqəbini alıb. Bu ad bir zamanlar “Dyess” bazasının donanmasında yer alan və “Apocalypse” adlandırılan İkinci Dünya müharibəsi dövrünə aid B-24J” Liberator” bombardmançısının şərəfinə verilib. Həmin təyyarə və 436-cı Bombardman Eskadrilyasına məxsus ekipaj 1942-ci il dekabrın 1-də Birma üzərində vurularaq itirilib.
“Boneyard”dan yenidən aktiv xidmətə
B-1B “Lancer” 2021-ci ildə parkın planlı şəkildə azaldılması çərçivəsində ehtiyata çıxarılan 17 B-1B bombardmançısından biri idi. O, daha üç B-1B ilə birlikdə Arizona ştatındakı “Davis-Monthan” Hərbi Hava Qüvvələri bazasında yerləşən 309-cu Aerokosmik Texniki Xidmət və Bərpa Qrupunda “Type 2000” saxlanma rejiminə yerləşdirilmişdi.
Təyyarə planlaşdırılmış donanma azaldılması çərçivəsində xidmətdən çıxarılan 17 B-1B-dən biri olub. Həmin təyyarələrdən dördü, o cümlədən bərpa edilmiş B-1B “Type 2000” saxlanma rejimində qorunub saxlanılıb ki, bu da onların yenidən xidmətə qaytarılmasına imkan verib.
Parkın azaldılmasından sonra iki aktiv “Lancer” qəza nəticəsində məhv edilib və ya istifadədən çıxarılıb. Bunlardan biri 2022-ci ilin aprelində mühərrik yanğını nəticəsində zədələnmiş 7-ci Bombardman Qanadına aid B-1B, digəri isə 2024-cü ilin yanvarında “Ellsworth” Hərbi Hava Qüvvələri bazasında baş verən qəza zamanı itirilmiş təyyarə olub.
2024-cü ilin iyulunda “Lancelot” ləqəbli bir B-1B zədələnmiş iki təyyarəni əvəz etmək üçün məşhur “Boneyard” ehtiyat bazasından yenidən xidmətə qaytarılıb.
Əvvəlcə “Rage” ləqəbi verilmiş 86-0115 nömrəli təyyarə 2024-cü ilin iyulunda “Davis-Monthan” bazasındakı saxlanma rejimindən çıxarılıb və təmir-bərpa işləri üçün Oklahoma ştatındakı “Tinker” bazasına göndərilib.
“Tinker” bazasının B-1 Sistemləri Proqram Ofisinin texniki analitiki və təqaüddə olan hərbçi Ceyson “Cey-Cey” Castis 2021-ci ildə məhz bu B-1B-nin saxlanmaya hazırlanması üzrə komandanın üzvü olub. Üç il sonra isə o, təyyarənin bərpasına rəhbərlik edən komandanın əsas şəxslərindən biri olub.
“Onun yenidən qayıtdığını və hələ də döyüşçülərə xidmət etdiyini görmək möhtəşəm hissdir”, - deyə Castis Hərbi Hava Qüvvələrinin media açıqlamasına əsasən bildirib.
Bu, 567-ci Təyyarə Texniki Xidmət Eskadrilyasının 200-dən çox ABŞ Hərbi Hava Qüvvələri hərbçisi və mülki əməkdaşının iştirak etdiyi əsl komanda işi olub. “Boneyard”ın flaqmanının yenidən bərpasına sərf olunan ümumi iş saatları məlum olmasa da, işlər üç uzadılmış növbə əsasında aparılıb və bombardmançıda 500-dən çox komponent dəyişdirilib.
“567-ci eskadrilyanın texniki heyəti döyüşçülərimizi görünməmiş səviyyədə dəstəkləyir. Onlar çoxsaylı maneələri aşır və bombardmançı aviasiya icmasında heç kimin edə bilməyəcəyi təmir işlərini birlikdə həyata keçirirlər”, - deyə 567-ci AMXS-in baş planlaşdırıcısı Steven Mooy bildirib.
B-1 “Lancer”in texniki göstəriciləri
İstifadəyə verilmə ili: 1986
İstehsal sayı: 104 (B-1A - 4, B-1B - 100)
Uzunluğu: 146 fut (44,5 metr)
Hündürlüyü: 34 fut (10,4 metr)
Qanad açılımı: 79 fut (24,1 metr)
Çəkisi:
Boş vəziyyətdə: 190 000 funt (86 183 kiloqram)
Maksimum uçuş çəkisi: 477 000 funt (216 364 kiloqram)
Mühərriklər: Dörd “General Electric” F101-GE-102 “afterburner”li turbofan mühərriki
Maksimal sürət: təxminən saatda 925 mil (1490 km/saat)/“Mach 1.25”
Uçuş məsafəsi: 6500 dəniz mili (7480 mil, 12 000 km)
Xidmət tavanı: 60 000 fut (18 000 metr)
Faydalı yük:
Daxili: 75 000 funt (34 019 kiloqram)
Xarici: 50 000 funt (22 679 kiloqram)
Ekipaj: Təyyarə komandiri, ikinci pilot və iki silah sistemləri zabiti daxil olmaqla dörd nəfər (hücum və müdafiə üzrə)
Bərpa edilmiş B-1B İkinci Dünya müharibəsi ekipajının xatirəsini yaşadır
ABŞ Hərbi Hava Qüvvələrinin iki hərbçisi 2026-cı ilin aprelində bərpa edilmiş B-1B “Lancer”in burnunda “Apocalypse II” rəsmini yenidən çəkir. Bombardmançı onilliklər boyu itkin düşmüş hesab edilən İkinci Dünya Müharibəsi dövrünə aid “Apocalypse” adlı B-24 ekipajının şərəfinə “Apocalypse II” adlandırılıb (ABŞ Hərbi Hava Qüvvələri/1-ci dərəcəli hərbçi Uilliam Neal).
Əvvəlki “Rage” ləqəbi saxlanılmayıb, təyyarə yenidən rənglənib və “Apocalypse II” adı verilib.
Bu qərar İkinci Dünya Müharibəsi zamanı eyni eskadrilyaya aid B-24J “Apocalypse” ekipajının şərəfinə qəbul edilib. Həmin ekipaj onilliklər boyu “döyüşdə itkin düşmüş” statusunda olub.
“Həmin ekipaja pilot ikinci leytenant Con E. Maklauxlen Cunior, radio operatoru texniki serjant Harold L. Seyfreyd və atıcı qərargah serjantı Frank C. Tedone daxil idi. Rangun şəhərinin şimalındakı İnsein dəmir yolu qovşağına bombardman missiyası zamanı onların təyyarəsi zenit atəşinə məruz qalıb və kəskin dalışa keçib”, - deyə Hərbi Hava Qüvvələri bildirib.
Sonradan DNT analizi Maklauxlen və Tedonenin qalıqlarını müəyyən etməyə imkan verib, lakin Seyfreyd in cəsədi heç vaxt tapılmayıb. O, hələ də Filippindəki “İtkinlərin Divarı”nda yad edilir.
Ekipajın irsi yaşamaqda davam edir. Ötən il “Dyess” bazasındakı 436-cı Təlim Eskadrilyasında yerləşən “Apocalypse Hall” onların şərəfinə adlandırılıb. Daha yaxın zamanda isə Tedonenin altı qohumu, o cümlədən keçmiş “Dyess C-130” texniki heyət üzvü olan qardaşı oğlu Frank Tedone B-1B-nin yeni burun rəsminin təqdimatında iştirak edib.
“Biz tarixi 436-cı Bombardman Eskadrilyası və 7-ci Bombardman Qrupunun irsini qeyd edirik. Onların bayraqları cəsarət, fədakarlıq və sədaqət sayəsində zamanın sınağından çıxıb. Onların nümunəsi hər bir hərbçinin daxilində alov yaradır, mükəmməlliyi qorumağa və hava gücünü dəqiqlik və şərəflə tətbiq etməyə çağırır”, - deyə ötən ay keçirilən mərasimdə ABŞ Hərbi Hava Qüvvələrinin mayoru, 28-ci Bombardman Hazırlıq Eskadrilyasının komandiri Cozef Spada bildirib.
Hərbi Hava Qüvvələri B-1B-ləri hələlik xidmətdə saxlayır
ABŞ Hərbi Hava Qüvvələri hazırda qalan 44 B-1B-dən ibarət parkı ən azı 2037-ci ilə qədər, “Northrop Grumman” şirkətinin B-21 “Raider” bombardmançısı xidmətə daxil olana qədər istifadə etməyi planlaşdırır.
Qurum Soyuq Müharibə dövrünə aid bombardmançıların gələcək modernləşdirilməsi üçün tədqiqat, inkişaf, sınaq və qiymətləndirmə işlərinə təxminən 150 milyon dollar ayrılmasını istəyib.
“Lancer” 40 il əvvəl nüvə bombardmançısı kimi xidmətə qəbul edilib, lakin Soyuq müharibənin başa çatmasından sonra yalnız adi silahlar daşıya bilib.
Artıq nüvə silahı daşımaq imkanına malik olmasa da, o, ABŞ Hərbi Hava Qüvvələrinin bütün bombardmançıları arasında, o cümlədən daha yaşlı B-52 “Stratofortress”dən də daha böyük bomba yükünə malikdir.
Sevinc Əliyeva
Ordu.az