“The Wall Street Journal”: BƏƏ İrana gizli zərbələr endirməyə başlayıb

2026/05/1778581790.jpg
Oxunub: 562     14:26     12 May 2026    
ABŞ və İsrailin başlatdığı müharibə zamanı İran tərəfinin endirdiyi hava zərbələrindən ən çox zərər görən ölkə Birləşmiş Ərəb Əmirlikləri olub. Lakin indi İranı bombalamağa başlayan məhz BƏƏ-dir.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşrinə vəziyyətlə tanış olan bir neçə mənbə məlumat verib.

BƏƏ kəşfiyyat sistemləri və Qərb istehsalı olan qırıcılarla, o cümlədən Fransanın “Mirage” və ABŞ-nin F-16 təyyarələri ilə təchiz edilmiş müasir silahlı qüvvələrə malikdir.

Hazırda ölkə iqtisadi maraqlarını qorumaq və Yaxın Şərqdə artan təsirini gücləndirmək üçün bu imkanlardan istifadə etməyə hazırdır.

İsrail və ABŞ qüvvələrinin İranın hava hücumundan müdafiə sistemlərini məhv etməsi Əmirliklərin hərbi hava qüvvələri üçün mövcud riskləri əhəmiyyətli dərəcədə azaldıb.

Rəsmi təsdiqlənməyən hücumlardan biri aprelin 8-də Fars körfəzində yerləşən İranın Lavan adasındakı neft emalı zavoduna endirilən zərbə olub.

WSJ mənbələrinin məlumatına görə, həmin zərbə nəticəsində böyük yanğın baş verib və istehsal güclərinin əhəmiyyətli hissəsi ən azı bir neçə ay müddətinə sıradan çıxıb.

Mənbələrdən birinin sözlərinə görə, ABŞ qeyri-rəsmi şəkildə Əmirliklərin endirdiyi zərbələri alqışlayıb və Fars körfəzinin digər ölkələrinin də oxşar addımlarını dəstəkləyib.

BƏƏ Xarici İşlər Nazirliyi əməliyyatları şərh etməkdən imtina edib, lakin ölkənin düşmən hərəkətlərinə cavab vermək hüququ ilə bağlı əvvəlki bəyanatlara istinad edib.

Mövcud münaqişə zamanı BƏƏ İran hücumlarının əsas hədəfinə çevrilib. İran Əmirliklər istiqamətində 2800-dən çox raket və pilotsuz uçuş aparatı buraxıb ki, bu da İsrail daxil olmaqla digər bütün ölkələrə yönələn hücumlardan çoxdur.

Yaxın Şərq üzrə analitik və BƏƏ-nin iqtisadi-siyasi təsirinin artması barədə kitabın müəllifi Dina Esfandiarinin fikrincə, ərəb ölkəsinin İrana qarşı müharibəyə qoşulması mühüm hadisədir.

“İndi Tehran BƏƏ ilə münaqişənin həllində vasitəçi rolunu oynamağa çalışan Fars körfəzi ərəb ölkələri arasında parçalanma yaratmaq üçün daha böyük səylər göstərəcək”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   İran  


Bizi "telegram"da izləyin