Ordu.az xəbər verir ki, Türkiyə müdafiə sənayesinin yenilikçi şirkətlərindən biri olan “Solid Aero” müasir döyüş meydanındakı asimmetrik təhdidlərə qarşı hazırladığı, tamamilə öz dizaynı və istehsalı olan BASAT-Bi pilotsuz uçuş aparatına qarşı tədbir sistemini İstanbul Sərgi Mərkəzində keçirilən mərasimlə ilk dəfə ictimaiyyətə təqdim edib.
Sərginin ən çox maraq doğuran nöqtələrindən biri olan “Solid Aero” stendi dövlət və ordu səviyyəsindən yüksək vəzifəli şəxsləri qəbul edib. Türkiyə milli müdafiə naziri Yaşar Güler və Hərbi Dəniz Qüvvələri komandanı admiral Ercüment Tatlıoğlu başda olmaqla, bir çox yerli və xarici hərbi və mülki nümayəndə heyəti stendi ziyarət edib və həyata keçirilən layihələr barədə ətraflı məlumat alıb.
Bununla yanaşı, şirkət həllərini sərgi meydanında nümayiş etdirərək məhsul ailəsinin genişliyini və əməliyyat müxtəlifliyini bir daha vurğulayıb. “Solid Aero” stendində diqqət çəkən bu platformalar avtonom uçuş qabiliyyətləri və fərqli missiya profillərinə uyğun çevik quruluşu ilə fərqlənib. Xüsusilə asimmetrik döyüş mühiti üçün optimallaşdırılan bu həllər şirkətin insansız sistemlər sahəsində bütöv yanaşmasını bir daha sübut edib.
BASAT-Bi
Tamamilə “Solid Aero” mühəndisləri tərəfindən dizayn edilən və istehsal olunan BASAT-Bi müasir döyüş meydanında effektivliyi getdikcə artan kiçik və mikrosahəli pilotsuz uçuş aparatı təhlükələrinə qarşı hazırlanmış yüksək texnologiyalı aktiv neytrallaşdırma sistemidir. Asimmetrik riskləri aradan qaldırmaq üçün optimallaşdırılan önləyici sistem kompakt, yüksək sürətli və son dərəcə çevik quruluşu ilə diqqət çəkir.
İzlənilən hədəflərə qarşı tələb əsasında işə salınmaq üçün hazırlanmış BASAT-Bi düşmən elementlərini qorunan obyektlərə çatmamış havada təsirsiz hala gətirir. Missiyaya hazır konfiqurasiyası və çevik yerləşmə üstünlüyü sayəsində quru və sahil əməliyyatlarında nöqtə müdafiə, konvoy mühafizəsi və irəli hava məkanı inkarı kimi kritik vəzifələrdə üstün zərbə dəqiqliyi təqdim edir.
Qanad açılımı - 70 sm
Uzunluq - 75 sm
Maksimum uçuş çəkisi - 4 kq
Maksimum sürət - 300 km/saat
Nişanalma rejimi - avtonom, operator nəzarətli
İş mühiti - taktiki, qısa mənzilli
Sevinc Əliyeva
Ordu.az