Ordu.az xəbər verir ki, Yaponiya İkinci Dünya Müharibəsindən bəri qadağan olunmuş öldürücü silah ixracına dair məhdudiyyətləri ləğv etmək qərarı qəbul edib.
Qərara ABŞ və Avstraliya kimi ölkələr müsbət yanaşarkən, regionda hegemonluq sahəsini genişləndirən Çin isə buna reaksiya verib.
Çinin Hind-Sakit okean məkanında artıq davam etdirdiyi təzyiq və nəzarət strategiyası fonunda qəbul edilən bu qərar, Yaponiyanın sahib olduğu texnoloji imkanlar nəzərə alınanda, regiondakı silahlanma meylinə necə təsir göstərəcəyi ilə bağlı müzakirələrə səbəb olub.
“The Diplomat” nəşrinin məlumatına görə, Yaponiya həmin qadağanı Çinin regionda hətta beynəlxalq əməkdaşlığı təhlükə altına qoya biləcək təzyiq mexanizmləri yaratması səbəbindən ləğv edib. Digər tərəfdən, ABŞ-nin regionda təsirinin azalması Çinin Tayvan və Filippin kimi ölkələr üzərində məhdudiyyətlərini daha sistemli şəkildə artırmasına zəmin yaradır.
Bununla yanaşı, Yaponiyanın bu addımı regionda artan təhlükəni Avstraliya kimi ölkələrlə əməkdaşlıq yolu ilə azaltmaq məqsədi daşıyır. Həmçinin ABŞ-nin Hind-Sakit okeandakı hərbi mövcudluğuna dəstək olaraq, regiondakı təhlükəsizlik məsuliyyətini paylaşmaq və artan təhlükəsizlik narahatlıqlarını azaltmaq hədəflənir.
Yaponiya Hərbi Dəniz Qüvvələri
Sözügedən qərar yeni bir siyasət dəyişikliyindən çox, İkinci Dünya müharibəsindən sonrakı dövrdə mərhələli şəkildə baş verən prosesin nəticəsidir. Belə ki, Yaponiya İkinci Dünya Müharibəsindən sonra beynəlxalq sistemdə qəbul olunmaq üçün müdafiə doktrinasını tənzimləmiş və xüsusilə 1979-cu ildə ABŞ ilə aparılan texnologiya transferi istisna olmaqla, əksər öldürücü silahların ixracını qadağan etmişdi.
Bu prosesdə Yaponiyanın istehsal etdiyi silahlar yalnız Yaponiya Özünümüdafiə Qüvvələrinin istifadəsinə verildiyi üçün qlobal silah bazarlarından kənarda qalmışdı.
2014-cü ildə edilən düzəlişlərlə ixraca müəyyən çeviklik gətirilməyə çalışılsa da, ixraca icazə verilən kateqoriyalar xilasetmə, nəqliyyat, müşahidə, nəzarət və mina təmizləmə kimi logistik sahələrlə məhdud qalmışdı.
2023-cü ildə isə lisenziyalı silah aldığı ölkəyə ixrac etməyə imkan verən Yaponiya hökuməti 2026-cı ilin aprelindən etibarən təkcə silah satışlarını deyil, həm də birgə hazırlanmış müdafiə sistemləri, hissələr və texnologiyaları ixrac kateqoriyasına daxil etməyə qərar verib.
Yaponiya silahlanma yarışına qoşulur
SIPRI-nin, yəni Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun 2026-cı il aprelində dərc etdiyi hesabatına görə, 2025-ci ildə Yaponiya 62,2 milyard dollarlıq hərbi xərclə müdafiə xərcləri üzrə dünyada 10-cu sırada qərarlaşıb. Ötən illə müqayisədə Yaponiya müdafiə xərclərində 9,7 faizlik artım qeydə alıb. Müdafiə sahəsində atılan son addım ilə bu nisbətin daha da artacağı gözlənilir. Bununla belə, bu artımın necə baş verəcəyi ilə bağlı hələlik konkret çərçivə ortaya qoyulmayıb.
SIPRI məlumatlarına görə, 2024-cü ildə “Mitsubishi Heavy Industries” ilə birlikdə beş böyük Yaponiya müdafiə nəhəngi silah satışında 40 faizlik artım əldə edib. Digər tərəfdən, hesabat Yaponiyanın 2025-ci ildə hərbi xərclərinin ümumi daxili məhsulda payını 1,4 faiz olaraq göstərir. Bu göstərici Yaponiya üçün 1958-ci ildən bəri görülən ən yüksək hərbi yük səviyyəsidir.
Öldürücü silahlar kateqoriyası çərçivəsində isə ilk növbədə istehsalı və ya tədarükü planlaşdırılan əsas sursatlar arasında başda qanadlı raketlər olmaqla uzun mənzilli raketlər və əks-zərbə qabiliyyətləri ön plana çıxır. Bundan başqa, kəşfiyyat, müşahidə və araşdırma sistemləri də üstünlük verilən sahələr sırasındadır.
Sevinc Əliyeva
Ordu.az