Ordu.az xəbər verir ki, həyata keçirilən modernizasiya proqramı çərçivəsində F/A-18 “Hornet” döyüş təyyarələri 2030-cu ilə qədər mərhələli şəkildə xidmətdən çıxarılacaq və onların yerini ümumilikdə 420 ədəd F-35 “Lightning II” döyüş təyyarəsi alacaq.
Dəniz Piyadaları Komandanlığı tərəfindən yayımlanan inzibati mesaja görə, Hornet donanmasının təqaüdə çıxma qrafiki dəqiqləşdirilərkən, bu təyyarələrə xidmət göstərən texniki heyətin də F-35 proqramına keçməsi planlaşdırılır.
420 F-35 ilə yeni qüvvə strukturu formalaşdırılacaq
ABŞ Dəniz Piyadalarının 2026 Aviasiya Planına görə, gələcək taktiki hava donanması əsasən F-35B və F-35C variantlarından ibarət təxminən 420 təyyarədən ibarət olacaq.
Plan çərçivəsində qısa uçuş və şaquli eniş qabiliyyətinə malik Lockheed Martin F-35B “Lightning II” ilə aviadaşıyıcı əməliyyatları üçün optimallaşdırılmış “Lockheed Martin F-35C Lightning II” Dəniz Piyadalarının hava gücünün əsas elementinə çevriləcək.
“Hornet”lərin xidmətdən çıxarılma qrafiki müəyyənləşib
F/A-18 “Hornet” döyüş təyyarələrinin inventardan çıxarılması aşağıdakı qrafik üzrə həyata keçiriləcək:
“Beaufort” Dəniz Piyadaları Hava Bazası, Cənubi Karolina - 2028-ci ilin avqustu
“Miramar” Dəniz Piyadaları Hava Bazası, Kaliforniya - 2029-cu ilin avqustu
“Fort Worth” Birgə Ehtiyat Bazası, Texas - 2030-cu ilin avqustu
Bu qrafikin tamamlanması ilə ABŞ Dəniz Piyadalarının inventarında F/A-18 “Hornet” qalmayacaq.
F-35-in qabaqcıl imkanları dönüşümün əsasını təşkil edir
F-35 ailəsi aşağı radara görünmə qabiliyyəti, AN/APG-81 AESA radarı, Elektro-Optik Hədəfləmə Sistemi, “Distributed Aperture System” və MADL məlumat bağlantısı kimi imkanları sayəsində müasir döyüş meydanında mühüm üstünlüklər təqdim edir.
Təyyarə təkcə hədəflərə hücum etmir, həm də əldə etdiyi məlumatları gəmilər, erkən xəbərdarlıq təyyarələri, artilleriya elementləri və digər platformalarla real vaxt rejimində paylaşa bilir.
Bu sayədə F-35 yalnız döyüş təyyarəsi deyil, həm də “havada fəaliyyət göstərən sensor və komanda düyünü” kimi xarakterizə olunur.
Hind-Sakit okean əməliyyatlarına fokuslanılır
Transformasiya ABŞ Dəniz Piyadalarının “Expeditionary Advanced Base Operations” konsepsiyası ilə birbaşa bağlıdır.
Bu konsepsiya kiçik və səpələnmiş bölmələrin ada zəncirləri üzərindəki müvəqqəti bazalardan və amfibiya gəmilərindən fəaliyyət göstərməsini nəzərdə tutur. F-35B-nin qısa uçuş zolaqlarından və amfibiya hücum gəmilərindən missiya yerinə yetirməsi bu yanaşma baxımından kritik əhəmiyyət daşıyır.
Yeni qüvvə strukturunun xüsusilə Çinin inkişaf etmiş hava hücumundan müdafiə şəbəkələrinə qarşı Hind-Sakit okean bölgəsində yüksək intensivlikli münaqişə ssenarilərinə hazırlıq məqsədi daşıdığı qiymətləndirilir.
Texniki heyət də F-35 proqramına keçiriləcək
Komandanlığın yaydığı mesajda F/A-18 ilə əlaqəli texniki xidmət sahələrində çalışan heyətin F-35 texniki xidmət vəzifələri üçün yenidən hazırlanacağı bildirilib.
Mesajda belə deyilir: “Hornet” texniki xidmət icmasında gələcəkdə yüksəliş və vəzifədə qalma imkanları əhəmiyyətli dərəcədə azalacaq”.
Bu çərçivədə bəzi heyətin fərqli ixtisas sahələrinə yönləndirilməsi, bəzilərinin isə xidmət müddətinin sonunda vəzifədən ayrılması nəzərdə tutulur.
Bir platformaya əsaslanan struktur həm üstünlüklər, həm də risklər yaradır
Dəniz Piyadalarının taktiki hava gücünü böyük ölçüdə bir platforma ailəsi ətrafında toplaması təlim, logistika və proqram təminatı inteqrasiyası baxımından mühüm asanlıqlar yaradacaq.
Bununla yanaşı, F-35 proqramında yarana biləcək qlobal texniki problemlərin qüvvənin ümumi əməliyyat qabiliyyətinə daha böyük təsir göstərə biləcəyi qiymətləndirilir.
Sevinc Əliyeva
Ordu.az