Ordu.az xəbər verir ki, hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyən bu məlumat Türkiyənin uzun mənzilli hava hücumundan müdafiə sistemləri sahəsində ilk ixrac uğuruna imza atmış ola biləcəyini göstərir.
Türkiyənin ilk milli uzun mənzilli hava hücumundan müdafiə sistemi olan SİPER strateji obyektləri döyüş təyyarələri, qanadlı raketlər, “hava-yer” sursatları və pilotsuz uçuş aparatlarından qorumaq məqsədilə hazırlanıb.
Türkiyə Müdafiə Sənayesi Komitəsinin koordinasiyası ilə həyata keçirilən layihə ASELSAN, ROKETSAN və TÜBİTAK SAGE əməkdaşlığı ilə inkişaf etdirilir.
ASELSAN sistemin radar, komanda-idarəetmə və atəş idarəetmə komponentlərini, ROKETSAN raket mühərriklərini və seriyalı istehsalı, TÜBİTAK SAGE isə SİPER “Blok II” raketini hazırlayır.
SİPER müxtəlif mənzil seçimlərinə malik raket konfiqurasiyaları ilə fəaliyyət göstərəcək şəkildə layihələndirilib.
SİPER “Ürün-1” (Blok I) 100 kilometrdən artıq mənzilə, SİPER “Ürün -2” (Blok II) isə 150 kilometrədək mənzilə malikdir.
Sistem 0,1 ilə 30 kilometr hündürlük diapazonunda fəaliyyət göstərə bilir və 360 dərəcə əhatə təmin edir.
SİPER-in texniki xüsusiyyətləri arasında 100-dən çox hədəfi izləmə, 20-yə qədər raketi eyni vaxtda yönləndirmə, eyni anda 10 hədəfə nişanalma, manual, yarımavtomatik və avtomatik iş rejimləri, çoxsaylı radar füzyonu və RF axtarış başlığı ilə terminal yönləndirmə yer alır.
Sistem həmçinin “Link-16” və digər taktiki məlumat bağlantıları vasitəsilə hava, quru və dəniz elementləri ilə inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərə bilir.
SİPER-in strukturu komanda-idarəetmə və batareya səviyyələrindən ibarətdir.
Komanda-idarəetmə səviyyəsində filo idarəetmə mərkəzi və uzun mənzilli axtarış radarı mövcuddur.
Batareya səviyyəsində isə Atəş İdarəetmə Mərkəzi, Atəş İdarəetmə Radarı, Raket Buraxılış Sistemləri, Raket Daşıma və Yükləmə Sistemləri, rabitə vasitələri və dəstək texnikaları yer alır.
SİPER-in mövcud versiyaları əsasən döyüş təyyarələri, qanadlı raketlər və pilotsuz uçuş aparatlarına qarşı fəaliyyət göstərmək üçün hazırlanıb. Bununla yanaşı, sistemin fərqli variantları ilə Türkiyənin təbəqəli ballistik raketdən müdafiə arxitekturasında kritik rol oynaması planlaşdırılır.
Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri professor doktor Haluk Görgün bildirib ki, SİPER-A AESA əsaslı RF axtarış başlığı, dəqiq hədəf izləmə qabiliyyəti və sürətli reaksiya imkanları ilə “Polad Qübbə”nin alt təbəqə ballistik raketdən müdafiə elementlərindən biri olacaq.
Görgün əlavə edib ki, SİPER-4 Türkiyənin üst təbəqə anti-ballistik raket önləmə ehtiyacını qarşılayacaq strateji sistem kimi hazırlanır.
Planlamaya əsasən, SİPER-1 sistemlərinin 2026-2031-ci illər ərzində Türkiyə Silahlı Qüvvələrinə yeni imkanlar qazandırması, SİPER-2 sistemlərinin isə əlavə filo, batareya və raket ehtiyaclarını qarşılayacaq şəkildə 2027-2032-ci illərdə Hərbi Hava Qüvvələrinin inventarına daxil olması nəzərdə tutulur.
Yusuf Akbaba sosial media hesabında etdiyi paylaşımda qeyd edib: “Türkiyə adı açıqlanmayan bir ölkəyə SİPER hava hücumundan müdafiə sistemi satışı həyata keçirdi”.
Bu məlumat hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməsə də, son dövrlərdə xüsusilə Körfəz ölkələrinin Türkiyə hava hücumundan müdafiə sistemlərinə artan marağı nəzərə alındıqda, SİPER-in ixrac uğuruna nail olmuş ola biləcəyi qiymətləndirilir.
Sözügedən iddia təsdiqlənərsə, Türkiyə ilk dəfə uzun mənzilli bölgə hava və raketdən müdafiə sistemini xaricə ixrac etmiş olacaq.
Sevinc Əliyeva
Ordu.az