ABŞ Çinə İran neftinin tədarükü ilə bağlı sanksiyalar tətbiq edib

2026/05/1778574122.jpg
Oxunub: 377     12:14     12 May 2026    
ABŞ hökuməti Çinə İran neftinin tədarükünə yardım göstərən üç fiziki şəxs və doqquz şirkətə qarşı sanksiyalar tətbiq edib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

ABŞ Maliyyə Nazirliyinin açıqlamasına görə, yeni məhdudiyyətlər İnqilab Keşikçiləri Korpusuna İran neftini Çin bazarında satmağa kömək edən və bunun müqabilində yüz milyonlarla dollar gəlir əldə edən şəxslərə qarşı yönəlib.

Nazir Skoot Bessent vurğulayıb ki, Donald Tramp administrasiyası sanksiyaları tətbiq etməyə davam edəcək və İran hökuməti ilə ordusunu silah alınmasına, Yaxın Şərqdə onlara yaxın qüvvələrin dəstəklənməsinə və nüvə proqramının həyata keçirilməsinə yönələn vəsaitlərdən məhrum edəcək. Bundan əlavə, ABŞ Dövlət Departamenti İnqilab Keşikçiləri Korpusunun maliyyə mexanizmlərinin ifşasına kömək edəcək məlumat üçün 15 milyon dollara qədər mükafat təyin edib.

Vaşinqton bu addımı Trampın Pekinə səfəri ərəfəsində atıb. Səfər zamanı o, Çin lideri Si Cinpinlə danışıqlar aparacaqdı. “Reuters”in yazdığına görə, Ağ Ev rəhbərinin Çinin prezidentinə təzyiq göstərərək İranla münaqişənin həllinə və strateji əhəmiyyətli Hörmüz boğazı vasitəsilə nəqliyyatın bərpasına kömək etməsi gözlənilir.

Eyni zamanda, CNN mənbələri bildirir ki, Tramp müharibənin dayandırılması ilə bağlı Tehranla aparılan danışıqlardan getdikcə daha çox məyus olur və hərbi əməliyyatları yenidən başlatmaq variantına meyl etməyə başlayır. Xüsusilə, Ağ Ev rəhbərinin “səbr kasası” Hörmüz boğazının blokadası səbəbindən dolur. Əvvəllər bu boğazla dünya bazarına neftin təxminən 20 faizi və mayeləşdirilmiş təbii qazın təxminən 30 faizi daşınırdı. CNN-in məlumatına görə, Pentaqon da öz növbəsində İranla bağlı daha sərt yanaşmanın tərəfdarıdır.

Tehranın nüvə proqramının müzakirəsinin qeyri-müəyyən müddətə təxirə salınmasını nəzərdə tutan son sülh təklifini Tramp “mənasız” adlandırıb. “Bu, indiyə qədər gördüyüm ən zəif razılaşmadır. Onların bizə göndərdiyi cəfəngiyyatı mən hətta axıra qədər oxumadım”, - deyə prezident vurğulayıb. Bununla belə, CNN həmsöhbətləri bildiriblər ki, Tramp İran məsələsi üzrə yekun qərar verməyib və mayın 12-də planlaşdırılan danışıqlardan əvvəl belə qərar verməsi çətin görünür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin   İran  


Bizi "telegram"da izləyin