Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Gözlənilən “parad-hesabat” üçün “Domino Video Production”a təxminən 420 milyon dram, yəni 1 milyon 135 min dollar ayrılıb” başlıqlı məqaləsində yazıb.
“Biz bu mövzu ilə bağlı beynəlxalq tərəfdaşlarımızla işləyirik. Parad çox həssas hadisədir və sülh gündəmindən uzaqlaşma, sülh gündəmindən imtina təəssüratı yarada bilər. Biz beynəlxalq ictimaiyyətdəki tərəfdaşlarımızla, o cümlədən region ölkələri ilə işləyirik və işləməyə davam edəcəyik ki, bunu heç bir şəkildə sülh gündəmindən imtina kimi qəbul etməsinlər”, - deyə Paşinyan izah edib.
Nəşrə görə, bu “hesabat”ın hazırlanması vəzifəsi “Domino Video Production” MMC-yə həvalə edilib və bu da təcili şəkildə, müsabiqəsiz satınalma yolu ilə həyata keçirilib.
Məqalədə qeyd olunub ki, əvvəlcə aprelin 27-də imzalanmış müqavilə, daha sonra isə mayın 8-də imzalanmış razılaşma əsasında həmin MMC mayın 28-də tədbirin təşkilinə dair xidmətləri təxminən 420 milyon dram (419 milyon 638 min 800 dram, 1 milyon 135 min 135 dollar) qarşılığında təqdim edəcək.
Müəllifin yazdığına görə, texniki təsvirin bəzi hissələrində bunlar qeyd olunub:
“Tədbirin İrəvan şəhərinin Respublika meydanında genişmiqyaslı açıq hava təntənəli tədbiri kimi keçirilməsi nəzərdə tutulur. Buraya səhnə tamaşası, parad və bədii təqdimatlar daxildir.
Tədbirin məqsədi yüksək keyfiyyətli, müasir texniki və bədii həllərlə təchiz edilmiş genişmiqyaslı və təntənəli paradın həyata keçirilməsidir. Tədbirin videoçəkilişini və yayımını İctimai Televiziya həyata keçirəcək.
Ümumi konsepsiya hazırlanarkən tədbirin tematik xüsusiyyətləri və başlığı nəzərə alınmalıdır. Tədbirin məzmun təsviri və konsepsiyası dövlət rəmzlərini əhatə etməlidir. Ümumi səhnə platformasının quruluşu və dizaynı tədbirin konsepsiyası və eskizinə uyğun olmalıdır.
Tədbir zamanı xüsusi effektlərdən istifadə, gündüz üçrəngli atəşfəşanlığı nəzərdə tutulur. Respublika meydanındakı 5 binanın hər birinin damında 5 qırmızı, 5 mavi və 5 narıncı atəşfəşanlığın yerləşdirilməsi nəzərdə tutulur. Hər dam üçün ümumilikdə 15 ədəd, ümumi say isə 75 ədəd olacaq.
“Respublika Günü” adlı böyük yazının hazırlanması və yerləşdirilməsi, Ermənistan xəritəsinin relyef dekorunun hazırlanması, Ermənistan gerbinin relyef dekorunun hazırlanması da nəzərdə tutulur”.
Məqalədə “Domino” ailəsi haqqında daha ətraflı məlumat da verilib.
“Domino Production” adlı MMC barədə “168.am” hələ 2021-ci ilin sentyabrında yazmışdı. Həmin vaxt müharibədə ölənlərin və itkin düşənlərin ailələrinin çoxsaylı etiraz aksiyalarına baxmayaraq, yas içində olan ölkədə Paşinyanın ifadəsi ilə desək, Müstəqillik Gününə həsr olunmuş “rəngarəng” tədbir keçirilmişdi. Şirkət Ruzanna Vardanyana məxsusdur.
“Domino Video Production” şirkətinin isə 100 faizi Ruzannanın həyat yoldaşı Aşot Arakelyana məxsusdur.
Elektron satınalma sisteminə əsasən, ər-arvada məxsus MMC-lər 7 iri satınalma ilə seçiliblər. Bunlardan 5-i müsabiqəsiz üsulla, biri yenə müsabiqə nəzərdə tutmayan qiymət sorğusu proseduru ilə, yalnız biri isə açıq müsabiqə yolu ilə həyata keçirilib”, - deyə müəllif qeyd edib.
Məqalədə sadalanan satınalmalar arasında aşağıdakılar yer alıb:
İrəvan vilayət bələdiyyəsi 2025-ci ilin oktyabrında “Erebuni-İrəvan” bayramı çərçivəsində tədbirin təşkilini 34 milyon 800 min drama həvalə edib,
Ermənistan Səhiyyə Nazirliyi 2025-ci ilin sentyabrında İcbari Tibbi Sığorta Fondunun brendinq xidmətini 32 milyon 760 min drama sifariş edib,
Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi bir halda 4 milyon 800 min dramlıq nümayəndəlik xərcləri, digər halda isə 1 milyon 200 min dramlıq reklam xidmətləri ayırıb,
Baş nazirin Aparatı isə 2025-ci ilin iyulunda “Zəmanəmizin Qəhrəmanı” tədbiri üçün 130 milyon 569 min 600 dram vəsait ayırıb.
“Nikol Paşinyan və onun komandasında yer alan müdafiə naziri Suren Papikyan sosial şəbəkə hesablarında mayın 28-də keçirilməsi planlaşdırılan tədbirdən görüntülər yayıblar. Halbuki Paşinyan mart ayında planlaşdırılan tədbirin klassik parad deyil, Ermənistan vətəndaşları üçün özünəməxsus “hesabat” olduğunu vurğulamışdı, bu gün yayımlanan videonu təsvir edərkən o, “parad” sözündən istifadə edib: “Mayın 28-i paradının məşqi”.
Hələ 2019-cu ildə “168.am” Aşot Arakelyana yazılı sorğu göndərərək hökumətin Ermənistanın müstəqilliyinin 30 illiyinə həsr olunmuş tədbir üçün nə qədər vəsait ayırdığı, dövlət büdcəsindən 1 milyard dram ayrılması ilə bağlı məlumatların təsdiqlənib-təsdiqlənmədiyi, onun keçmiş təhsil naziri, hazırda isə baş nazir aparatının rəhbəri olan Arayik Harutyunyanla yaxın münasibətləri barədə iddiaları necə şərh etdiyi, “Domino Production”un “Vətəndaş Müqaviləsi” partiyasının seçkiqabağı təbliğat çarxlarını və xüsusilə Nikol Paşinyanın iştirakı ilə çəkilən videonu hazırlayıb-hazırlamadığı, rəhbərlik etdiyi şirkətin Ermənistan himninin yeni videoklipini öz təşəbbüsü ilə çəkib-çəkmədiyi və yeni videodan Qarabağ kadrlarının çıxarılması ilə bağlı deyilənlərə münasibəti barədə suallar ünvanlamışdı”, - deyə müəllif bildirib.
Məqalədə qeyd olunub ki, həmin suallara cavab verilməmişdi.
Müəllif yazıb ki, sorğudan sonra “Domino Production” təşkilatının rəhbərinə telefonla yenidən müraciət edilərək “rəngarəng” şou üçün hansı xərclərin çəkildiyi soruşulub.
“Ancaq suallar onu əsəbiləşdirib və bir daha həmin nömrəyə zəng etməməyi xahiş edib. O, pilotsuz uçuş aparatlarının 10 dəqiqəlik icarəsinin 110 min ABŞ dollarına başa gəldiyi barədə məlumatları yalan adlandırsa da, real məbləği açıqlamayıb. Ümumiyyətlə, tədbirin xərcləri ilə bağlı suallar cavabsız qalıb. Ermənistan hökuməti bu tədbirin təşkili üçün də müsabiqə elan etməmişdi”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az