Ordu.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Bildirilir ki, dəyişikliklər İranın Ali rəhbəri Əli Xamenei və digər yüksək vəzifəli şəxslərin son münaqişə zamanı öldürülməsindən sonra dünyada gərginliyin kəskin artması fonunda qəbul olunub.
Konstitusiyaya yenidən baxılması prosesi martın 22-də Pxenyanda başlayan Koreya Xalq Demokratik Respublikasının Ali Xalq Məclisinin sessiyasında təsdiqlənib.
“Avtomatik cavab” doktrinası
KXDR rəhbərliyi yüksək vəzifəli dövlət məmurlarını əsas qanuna edilən dəyişikliklər barədə məlumatlandırıb. Yeni siyasət ölkə rəhbərliyinin sıradan çıxarılması və ya öldürülməsi halında cavab tədbirlərinin mexanizmini dəqiq müəyyən edir.
Konstitusiyanın yenilənmiş müddəasında deyilir: “Əgər dövlətin nüvə qüvvələrinin komanda və idarəetmə sistemi düşmən qüvvələrin hücumu nəticəsində təhlükə altına düşərsə, nüvə zərbəsi avtomatik və dərhal endirilir”.
Bundan əvvəl “Reuters” agentliyi Şimali Koreyanın konstitusiyanı yeniləyərək Cənubi Koreya ilə sərhədlərini rəsmi şəkildə təsbit etdiyini və yenidən birləşmə ilə bağlı bütün qeydləri çıxardığını yazmışdı. Bu addım Kim Çen Inın iki Koreyanı rəsmi olaraq bir-birinə düşmən dövlətlər kimi tanımaq strategiyasını əks etdirir.
Sevinc Əliyeva
Ordu.az