4 milyon dollarlıq səhv: Kiber müdafiə artıq döyüş meydanıdır

2026/05/1778529725.jpg
Oxunub: 519     23:53     11 May 2026    
İstanbulda keçirilən SAHA EXPO 2026 sərgisi çərçivəsində baş tutan “Kiber Təhlükəsizliyin Gələcəyi” panelində çıxış edən STM şirkətinin nümayəndəsi Amir Arda rəqəmsal dünyadakı müdafiə strategiyalarının köklü şəkildə dəyişməsinin vacibliyini vurğulayıb.

Ordu.az xəbər verir ki, Arda hazırda kibertəhlükəsizliyin yalnız İT məsələsi deyil, birbaşa milli davamlılıq və suverenlik məsələsinə çevrildiyini bildirib.

Paneldə təqdim olunan məlumatlara əsasən, qlobal miqyasda bir məlumat pozuntusunun təşkilatlara orta hesabla 4,45 milyon dollar xərc yaratdığı qeyd olunub.

Amir Arda bu bahalı səhvləri “qapıçı səhvi”nə bənzədərək bildirib: “Ən mürəkkəb alqoritmləri və ən güclü müdafiə divarlarını qursanız belə, sistemin ən zəif halqası həmişə insandır. Korporativ məlumatlılığın aşağı olduğu mühitdə kibertəhlükəsizlik arxitekturası tək bir səhv kliklə çökə bilər”.

STM-in bu təhdidlərə qarşı hazırladığı həllərin mərkəzində Kiber Poliqonlar yer alır.

Arda nəzəri təlimlərin rəqəmsal cəbhədəki real hücumlar qarşısında kifayət etmədiyini bildirərək, təqdim etdiyi hibrid modelin əhəmiyyətinə diqqət çəkib.

Bu strukturlar yalnız proqram təminatı simulyasiyası təqdim etmir, həm də fiziki sistemlərlə virtual dünyanı birləşdirərək personalın praktiki təlim keçdiyi məşq sahəsi yaradır.

Təlimlə real həyat arasındakı təhlükəli boşluğun yalnız personalın stress altında düzgün qərarvermə qabiliyyəti qazandığı bu “döyüş zonaları” vasitəsilə aradan qaldırıla biləcəyi vurğulanıb.

Bundan əlavə, kibertəhdidlərin yalnız informasiya texnologiyaları infrastrukturu ilə məhdudlaşmadığı bildirilib.

Müasir quru döyüş vasitələri, tanklar, dəniz platformaları, xəstəxanalar və enerji sistemləri kimi məlumat emal edən bütün fiziki platformaların potensial hədəfə çevrildiyi qeyd olunub.

STM tərəfindən hazırlanan milli kiber poliqon arxitekturasının ən mühüm xüsusiyyətlərindən birinin “izlənilə bilənlik” qabiliyyəti olduğu vurğulanıb.

Bu sistem sayəsində hücum edənlərin sistem daxilində orta hesabla 200 gün ərzində aşkar edilmədən qalmasının qarşısının ciddi şəkildə alına biləcəyi bildirilib.

Real vaxt ssenariləri ilə təlim keçən komandaların hücum mənbəyini sürətlə müəyyən edib müdaxilə edə bildiyi qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SAHA-EXPO-2026   STM  


Bizi "telegram"da izləyin