MKE-nin E-ZPT-si ilk dəfə nümayiş etdirilib

2026/05/Ekran-1778529640.jpg
Oxunub: 603     23:47     11 May 2026    
Türkiyənin ilk elektrikli zirehli personal daşıyıcısı olan E-ZPT İstanbul Sərgi Mərkəzində ilk dəfə nümayiş olunub.

Ordu.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin Hərbi Zavodlar Baş İdarəsinin koordinasiyası ilə “Makine ve Kimya Endüstrisi” (MKE) tərəfindən hazırlanan Türkiyənin ilk elektrikli zirehli personal daşıyıcısı E-ZPT İstanbul Sərgi Mərkəzində təqdim olunub.

MKE tərəfindən Mehmetciyin döyüş meydanındakı ehtiyacları nəzərə alınaraq hazırlanan və bütün kvalifikasiya sınaqlarını uğurla başa vuran E-ZPT-nin ilk seriya istehsal təhvili 2026-cı il yanvarın 15-də Quru Qoşunları Komandanlığına həyata keçirilib.

Qeyd edək ki, sözügedən inkişaf barədə 2026-cı il yanvarın 15-də Türkiyə Milli Müdafiə Nazirliyinin həftəlik mətbuat məlumatlandırma toplantısında ictimaiyyətə məlumat verilmişdi.

Layihə çərçivəsində ümumilikdə 50 ədəd E-ZPT-nin inventara daxil edilməsi planlaşdırılır.

E-ZPT döyüş meydanındakı real ssenarilərin simulyasiya edildiyi bir sıra çətin kvalifikasiya sınaqlarından uğurla keçib. Sistem 3000 km dözümlülük, 1600 km ərazi, 800 km asfalt və 600 km sabitləşdirilmiş yol marşrutlarını problemsiz tamamlayıb.

60 faiz dik yamac, 30 faiz yan yamac və xəndək keçidi kimi mobillik sınaqları ilə yanaşı, ekstremal isti və soyuq hava şəraitində yüksək performans nümayiş etdirən vasitə sürücü, komandir və nişançı daxil olmaqla ümumilikdə 7 nəfərin daşınması imkanına malikdir.

MKE mühəndisləri tərəfindən orijinal şəkildə hazırlanan E-ZPT ekoloji texnologiyanı yüksək dözümlülük qabiliyyəti ilə birləşdirir.

Vasitə daxili batareya paketi ilə 150 km, generator dəstəyi ilə isə 650 km əməliyyat məsafəsinə çata bilir.

0-dan saatda 50 km sürətə cəmi 8 saniyəyə çatan E-ZPT sürətli enerji doldurma xüsusiyyəti sayəsində batareyanın 20 faizdən 80 faizə qədər dolmasını təxminən 1,5 saat ərzində təmin edir.

Yüksək təhlükəsizlikli batareya quruluşuna malik E-ZPT müasir müdafiə ehtiyaclarına effektiv həllər təqdim edir. Aşağı istismar və texniki xidmət xərcləri ilə yanaşı, müxtəlif tapşırıq konfiqurasiyalarına uyğun modul faydalı yük seçimləri ilə tam uyğun fəaliyyət göstərə bilir.

100 faiz elektrikli hərəkət sistemi sayəsində aşağı akustik və istilik izi buraxaraq döyüş meydanında yüksək gizlilik və dözümlülük təmin edən vasitə tam yüklü vəziyyətdə təxminən 15 ton ağırlığa çatır və 2,5 ton faydalı yük daşımaq qabiliyyətinə malikdir.

Ən son texnologiyalı alt sistemlərlə təchiz olunan və özünümüdafiə imkanları çərçivəsində 12,7 mm Uzaqdan İdarə Edilən Silah Sistemi ilə silahlandırılan E-ZPT ekoloji texnologiyanı yüksək atəş gücü və təhlükəsizliklə bir araya gətirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKE   E-ZPT  


Bizi "telegram"da izləyin