Livan Prezidenti ABŞ-ni ölkənin cənubunda atəşkəsin təmin olunması üçün İsrailə təzyiq göstərməyə çağırıb

2026/05/1778526569.jpg
Oxunub: 354     22:54     11 May 2026    
Livan Prezidenti Cozef Aun ABŞ-ni atəşkəsin təmin olunması, hərbi əməliyyatların dayandırılması və Livanın cənubunda evlərin dağıdılmasının dayandırılması məqsədilə İsrailə təzyiq göstərməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə prezident administrasiyası Aun ilə ABŞ-nin Livandakı səfiri Mişel İsa arasında keçirilən görüşdən sonra məlumat yayıb.

“İsrailə atəşkəsin, hərbi əməliyyatların, eləcə də evlərin dağıdılması və sökülməsinin dayandırılması üçün təzyiq göstərilməsi zəruridir”, - deyə prezident bildirib.

Livan Səhiyyə Nazirliyindən bildirilib ki, ötən ay elan olunan atəşkəsə baxmayaraq, son üç gün ərzində İsrail zərbələri nəticəsində 74 nəfər həlak olub.

Qurumun məlumatına görə, martın 2-dən etibarən 2869 nəfər həlak olub. Onların arasında 584 tibb işçisi, qadın və azyaşlı var.

Aun və ABŞ səfiri həmçinin Livan ilə İsrail arasında danışıqların mayın 14-15-də Vaşinqtonda ABŞ vasitəçiliyi ilə keçiriləcək üçüncü mərhələsinə hazırlıq məsələlərini müzakirə ediblər.

Bu, artıq son onilliklər ərzində İsrail ilə Livan arasında ən yüksək səviyyəli təmaslara çevrilən əvvəlki iki mərhələnin davamıdır. Livan nümayəndə heyətinə ABŞ-də keçmiş səfir Simon Karam rəhbərlik edəcək.

Livan hakimiyyətinin məlumatına görə, təxminən 1,2 milyon nəfər evini tərk etməyə məcbur olub, əhalinin əhəmiyyətli hissəsi isə ölkənin cənubundan qaçıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   ABŞ   Aun  


Bizi "telegram"da izləyin