Ordu.az xəbər verir ki, görüntülər Sovet İttifaqının İkinci Dünya müharibəsində qələbəsinin anım mərasimləri çərçivəsində keçirilən parad zamanı OTS LIVE adlı “YouTube” kanalında yayımlanıb.
Yeni pilotsuz uçuş aparatının dizaynının Ukraynanın hazırladığı “Peklo” reaktiv mühərrikli pilotsuz uçuş aparatı sisteminə böyük ölçüdə bənzədiyi diqqət çəkib. Rusiyanın bu tip silahları Ukraynaya qarşı ilk dəfə 2026-cı ilin yanvarında istifadə etdiyi məlumdur.
Təxminən 6 metr uzunluğa və 5,5 metr qanad açılımına malik “Geran-5” ölçülərinə görə kiçik qanadlı raketi xatırladır.
R-73 raketi daşıya bilir
Hədəfə yönləndirmə üçün sistemdə 12 kanallı “Kometa” peyk naviqasiya sistemi, “Raspberry” əsaslı izləmə modulu və 3G/4G modemlərdən istifadə olunur.
Pilotsuz uçuş aparatına güc verən mühərrikin isə Çin istehsalı “Telefly” reaktiv mühərriki olduğu bildirilir. Bu mühərrikin əvvəlcə “Geran-3” pilotsuz uçuş aparatında istifadə olunan güc qrupuna bənzədiyi, lakin daha yüksək itələmə verdiyi qeyd olunur.
“Geran-5”in təxminən 90 kiloqramlıq döyüş başlığı daşıdığı və maksimal 1000 kilometr mənzilə çata bildiyi bildirilir.
Ukrayna Müdafiə Nazirliyi Kəşfiyyat Baş İdarəsinə görə, “Geran-5” yalnız yerüstü platformalardan deyil, “Su-25” hücum təyyarələri kimi hava platformalarından da istifadə oluna bilir.
Sistemin ən diqqətçəkən xüsusiyyətlərindən biri isə infraqırmızı axtarıcı başlığa malik R-73 “hava-hava” raketi daşıya bilməsidir. Bu qabiliyyət “Geran-5”i yalnız yer hədəflərinə yönəlmiş hücum pilotsuz uçuş aparatı olmaqdan çıxarıb hava hədəflərinə qarşı da istifadə oluna bilən platformaya çevirir.
Reaktiv mühərrik ilə R-73 kombinasiyasının xüsusilə helikopterlər və qırıcı təyyarələr baxımından qarşısınıalma tapşırıqlarını ciddi şəkildə çətinləşdirə biləcəyi qiymətləndirilir.
Qərb komponentləri diqqət çəkib
“Geran-5”in elektron infrastrukturunda Qərb mənşəli mikroelektron komponentlərdən də istifadə edildiyi bildirilib. Sistem daxilində Almaniya və ABŞ mənbəli mikroçiplərin yer aldığı qeyd olunub, “Xingkai Tech” istehsalı XK-F358 MESH modem kimi bəzi hissələrin isə Çində hazırlandığı bildirilib.
Bəzi komponentlərin istehsal tarixlərinin Rusiya-Ukrayna müharibəsinin genişmiqyaslı mərhələyə keçdiyi dövrdən sonrakı tarixlərə aid olması diqqət çəkib. Bu vəziyyətin Rusiyanın sanksiyaları aşaraq yeni nəsil hücum pilotsuz uçuş aparatları istehsalını davam etdirə bildiyini göstərdiyi qiymətləndirilir.
Sevinc Əliyeva
Ordu.az