ABŞ Xüsusi Təyinatlı Qüvvələri “Tiguar-M” PUA-sını sınaqdan keçirib

2026/05/upres-1778523502.jpg
Oxunub: 509     22:09     11 May 2026    
ABŞ Quru Qoşunlarına bağlı bölmələr Filippinlərdə keçirilən “Balikatan 2026” Təlimi zamanı Polşa istehsalı “Tiguar-M” pilotsuz uçuş aparatını sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, Laoaq bölgəsində fəaliyyət zamanı görüntülənən pilotsuz uçuş aparatının ABŞ müdafiə sənayesinin tanınmış istehsalçılarından deyil, Polşanın “uAvionics” şirkətindən olması diqqət çəkib.

Açıq mənbə kəşfiyyatı üzrə mütəxəssis Abraxas Spa tərəfindən paylaşılan görüntülərdə “Tiguar-M” platformalarından ən azı birinin SATCOM anteni ilə təchiz olunduğu görünür. Bu detal sistemin yalnız qısa mənzilli kəşfiyyat missiyaları üçün deyil, görünüş xətti xaricində rabitə və uzunmənzilli əməliyyat qabiliyyəti üçün də sınaqdan keçirildiyinə işarə edir.

Xüsusilə Sakit okean coğrafiyasında adalar arasındakı yüzlərlə kilometr məsafə nəzərə alındıqda, peyk rabitəsi dəstəkli uzunmənzilli pilotsuz uçuş aparatı qabiliyyətinin ABŞ ordusu üçün kritik əhəmiyyət daşıdığı qiymətləndirilir.

20 saatdan çox havada qala bilir

“Tiguar-M” hərbi istifadə üçün hazırlanmış sabit qanadlı platforma kimi önə çıxır. Sistem 4,1 metr qanad açılımına və 25 kiloqram maksimal qalxış kütləsinə malikdir.

“UAvionics”in “AirHybrid” adlandırdığı hibrid mühərrik sistemi sayəsində pilotsuz uçuş aparatının 20 saatdan artıq havada qala bildiyi və təxminən 1800 kilometr mənzilə çatdığı bildirilir. Bu göstəricilər təsdiqlənərsə, “Tiguar-M”i öz sinfində bir çox platformanın önünə çıxara bilər.

Sistemin seyr sürəti saatda 90 kilometr, maksimal sürəti isə saatda 160 kilometr səviyyəsindədir. Platforma 11 kiloqrama qədər faydalı yük daşıya bilir. Bu çərçivədə elektro-optik, infraqırmızı və ya birləşmiş EO/IR sensor sistemləri inteqrasiya oluna bilir.

HD görüntü ötürülməsi və 30x optik yaxınlaşdırma təmin edən sensor sistemləri ilə yanaşı, üçlü ehtiyatlı uçuş idarəetmə sistemi də diqqət çəkir. Eyni vaxtda işləyən üç ayrı autopilot sayəsində sistem iki idarəetmə vahidi sıradan çıxdığı halda belə uçuşunu davam etdirə bilir. Bundan əlavə, platformada xilasetmə paraşütü də var.

Sakit okean ssenarilərinə fokuslanılır

Xüsusi qüvvə əməliyyatlarında logistika rahatlığı da mühüm amillərdən biri kimi önə çıxır. “Tiguar-M” gövdə, iki çıxarıla bilən qanad və quyruq hissələrinə ayrılır və təxminən iki dəqiqə ərzində yenidən yığıla bilir.

Platformanın daşınma çantalarına və ya parça qoruyuculara sığması kiçik irəli bazalarda və ya mobil bölmələrlə işləyən xüsusi qüvvə qrupları üçün mühüm üstünlük yaradır.

Sistem həmçinin ABŞ-nin ITAR məhdudiyyətlərindən kənardadır. Bu da müttəfiq ölkələrə platformanı ABŞ mənbəli sistemlərlə müqayisədə daha çevik şəkildə əldə etmək imkanı verir.

“Balikatan 2026” Təlimi 20 aprel-8 may tarixləri arasında ABŞ, Filippin, Avstraliya, Yaponiya, Kanada, Fransa və Yeni Zelandiyadan 17 mindən çox hərbi şəxsin iştirakı ilə keçirilib.

ABŞ Sakit Okean Xüsusi Əməliyyatlar Komandanlığı tərəfindən tapşırılan 1-ci Xüsusi Qüvvələr Qrupunun pilotsuz uçuş aparatı təlimlərində xüsusilə uzunmənzilli rabitə infrastrukturuna fokuslandığı bildirilir. Bu yanaşmanın Çinlə mümkün toqquşma ssenarisində rabitə infrastrukturunun təzyiq altında qala biləcəyi ehtimallarına hazırlıq çərçivəsində dəyərləndirildiyi qeyd olunur.

Cənubi Çin dənizində suverenlik mübahisələrinin mərkəzində olan Filippinlərdə uzun müddət havada qala bilən kəşfiyyat-müşahidə platformalarının əhəmiyyəti getdikcə artır.

Mütəxəssislərə görə, “Tiguar-M”in “Balikatan” təlimində görünməsi yalnız Polşa istehsalı bir pilotsuz uçuş aparatının böyük ABŞ təlimində iştirakı demək deyil. ABŞ Xüsusi Qüvvələrinin uzunmənzilli və SATCOM dəstəkli xarici platformanı sahədə sınaqdan keçirməsi Vaşinqtonun aşağı çəki sinfində uzun müddət havada qala bilən pilotsuz uçuş aparatlarına marağının artdığını göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tiguar-M   PUA  


Bizi "telegram"da izləyin