Ordu.az xəbər verir ki, bu barədə “Middle East Eye” məlumat yayıb.
“Middle East Eye”in yaydığı məlumata görə, fevralın sonundan etibarən davam edən ABŞ-İsrailin İranla müharibəsi əsasən Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Səudiyyə Ərəbistanı başda olmaqla Körfəz ölkələrinə ciddi təzyiq yaradıb. Bu ölkələr ballistik raketlərə qarşı effektiv hava hücumundan müdafiə sistemlərinə malik olsalar da, sursat çatışmazlığı və regiondakı uzun mənzilli radar sistemlərini sıradan çıxarmağa müvəffəq olmuş İran istehsalı uzunmənzilli pilotsuz uçuş aparatları səbəbindən ciddi çətinlik yaşayırlar.
Bu vəziyyət Körfəz ölkələrinin Türkiyə hava hücumundan müdafiə sistemləri üçün Türkiyə hökuməti və müdafiə şirkətləri ilə əlaqələrini sürətləndirməsinə səbəb olub. Məsələ ilə bağlı məlumatlı mənbə “Middle East Eye”ə verdiyi açıqlamada deyib: “Körfəz ölkələri böyük alış dalğasındadır. Regiondakı hərbi güclər tərəfindən artıq istifadə olunan sistemlər barədə belə məlumat toplayırlar. Ənənəvi olaraq neytral olan Oman belə prosesə maraq göstərir”.
Küveyt, Səudiyyə Ərəbistanı və İraqdan kritik imzalar
Son günlər İstanbulda keçirilən və başa çatan müdafiə sənayesi sərgisində bu strategiyanın konkretləşdiyi bildirilir. MEE-yə görə, Küveytin müdafiə naziri Şeyx Abdullah Əli Abdullah Əl Sabah ASELSAN, HAVELSAN, “Baykar”, OTOKAR və “Yonca” Gəmiqayırma Zavodu kimi böyük şirkətlərdən hərbi sistemlər almaq üçün hökumətlərarası satış protokolu imzalayıb. Küveytin xüsusilə “Baykar” istehsalı AKINCI zərbə tipli pilotsuz uçuş aparatları, həmçinin aşağı və orta hündürlük təhdidlərinə qarşı hazırlanmış HİSAR hava hücumundan müdafiə sistemləri ilə yaxından maraqlandığı bildirilir.
Digər tərəfdən, Səudiyyə Ərəbistanı və Qətərin ASELSAN istehsalı KORKUT 100/25 hava hücumundan müdafiə sistemləri üçün müqavilələr imzaladığı bildirilir. Ağıllı sursatdan istifadə edən bu sistem xüsusilə pilotsuz uçuş aparatlarını sıradan çıxarmaq üçün hazırlanıb. Səudiyyə Ərəbistanının əlavə olaraq kiçik yük maşınlarına quraşdırıla bilən lazer yönləndirməli pilotsuz uçuş aparatı əleyhinə sistemlər də almağı planlaşdırdığı qeyd olunur. İraq da bu sıraya qoşularaq 20 ədəd hava hücumundan müdafiə sistemi alma prosesini yekunlaşdırmaq üzrə olduğunu açıqlayıb, bu sistemlərin də KORKUT vasitələri olacağı gözlənilir.
Türkiyə ballistik raketlərin qarşısını almaq üçün SİPER kimi layihələr üzərində işləməyə davam etsə də, bu sistemlərin tam şəkildə ballistik təhdidlərə uyğunlaşdırılması üçün bir neçə ilə ehtiyac var. Lakin Körfəz ölkələri üçün təhvil müddəti kritik əhəmiyyət daşıyır.
Müdafiə sənayesi rəsmisi deyib: “Patriot” və THAAD kimi sistemlər üçün ABŞ-də bir neçə illik təhvil növbəsi varkən, onlar türk sistemlərini oxşar zaman çərçivəsində ala bilirlər. Bundan əlavə, Türkiyə şərait uyğun olduqda yerliləşdirmə və birgə istehsal kimi variantlar da təklif edir. Körfəz ölkələri getdikcə daha çox qəbul edir ki, Türkiyənin təqdim etdiyi paketlər daha sərfəlidir”.
Sevinc Əliyeva
Ordu.az