“ROKETSAN-dakı quruluş Avropada yoxdur” - Murat İkinci

2026/05/1778523265.jpg
Oxunub: 472     21:51     11 May 2026    
ROKETSAN baş direktoru Murat İkinci bildirib ki, müasir döyüş meydanı müdafiə sənayesi istehsal yanaşmasını dəyişdirib və aşağı xərcli, yüksək saylı sursatlarla mürəkkəb sistemlərin birlikdə istifadə ediləcəyi yeni mərhələyə keçilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

“SavunmaSanayiST.com”a açıqlama verən Murat İkinci qeyd edib ki, “ROKETSAN yalnız müəyyən məhsul qrupuna fokuslanan bir şirkət deyil. O deyib: “ROKETSAN əslində xərc səmərəli və mürəkkəb bütün texnologiyaları bir yerdə istifadə etmək üçün qurulmuş bir qurumdur”.

İran-İsrail və Rusiya-Ukrayna müharibələrinin fərqli dərslər ortaya çıxardığını bildirən İkinci bəzi toqquşmalarda qabaqcıl sistemlərin, bəzilərində isə davamlı və aşağı xərcli sursatların həlledici olduğunu söyləyib.

İkinci deyib: “Bəzi müharibələr çox yüksək texnologiyanın istifadə olunduğu müharibələr kimi önə çıxır, bəzi müharibələrdə isə sürətli və xərc səmərəli sursatlar sahədə təsir yaradır”.

Bu iki konsepsiyanın birlikdə istifadə edilməsinin kritik olduğunu vurğulayan İkinci bildirib: “Bunları heterogen şəkildə, bir-biri ilə inteqrasiya olunmuş formada istifadə edə bilmək qabiliyyəti Silahlı Qüvvələrimizə çox fərqli bir güc multiplikatoru kimi yansıyır”.

ROKETSAN-ın yüksək texnologiyalı məhsullarla yanaşı, seriya istehsal oluna bilən sursatlara da fokuslandığını bildirən İkinci deyib: “Ucuz, eyni zamanda çox sürətli istehsal oluna bilən, minlərlə ədədini çox tez istehsal edə biləcəyiniz sursatlarla sistemlərimizi dəstəkləməyə çalışırıq”.

“ROKETSAN qazandığı bütün gəliri istehsala yönəldir”

Qlobal müharibə mühiti ilə birlikdə sursat tələbinin ciddi şəkildə artdığını bildirən Murat İkinci ROKETSAN-ın bütün resurslarını istehsal infrastrukturuna yönəltdiyini söyləyib.

Türkiyədəki istehsal tutumunun yalnız ROKETSAN-dan ibarət olmadığını vurğulayan İkinci şirkətin geniş müdafiə sənayesi ekosistemi ilə birlikdə işlədiyini bildirib.

“Türkiyədə minlərlə firma ROKETSAN ilə birlikdə hərəkət edir. Bunlardan yüzdən çoxu bizim birbaşa çalışdığımız tərəfdaşlardır”, - deyə İkinci bildirib və yeni investisiyaların mərhələli şəkildə istifadəyə verildiyini qeyd edib.

ROKETSAN-ın dünyanın ən sürətlə böyüyən müdafiə şirkətlərindən biri olduğunu bildirən Murat İkinci xüsusilə hava hücumundan müdafiə və dəqiq yönəlmiş sursat sahəsində qlobal tələbin sürətlə artdığını söyləyib.

Türkiyənin müdafiə sənayesi istehsal infrastrukturunun Avropa ilə müqayisədə mühüm üstünlüklər təqdim etdiyini bildirən İkinci deyib: “Türkiyədəki təchizat zənciri kimi yetkin bir quruluş hazırda Avropada yoxdur”.

Avropa və Yaponiya ilə yeni əməkdaşlıq mərhələsi

Avropada ballistik raket, hava hücumundan müdafiə və sursat istehsal tutumunda ciddi boşluqların olduğunu deyən Murat İkinci Türkiyə ilə Avropa arasındakı müdafiə əməkdaşlıqlarının sürətlə inkişaf etdiyini bildirib.

İkinci belə deyib: “Avropa ilə bunu necə birləşdirə bilərik, Avropanın ehtiyaclarını Türkiyə ilə necə qarşılayarıq, bunun çalışması içərisindəyik”.

Yaponiyanın da Türkiyə müdafiə sənayesinə marağının artdığını bildirən İkinci deyib: “Yaponlar da Türkiyənin müdafiə sənayesi ilə əlaqəsi barədə çox konkret addımlar atırlar”.

ROKETSAN-ın hədəfinin təkcə Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq olmadığını vurğulayan İkinci dost və müttəfiq ölkələrə yönəlik ixrac qabiliyyətini də sürətlə artırdıqlarını söyləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   İkinci  


Bizi "telegram"da izləyin