BƏƏ C-390 nəqliyyat təyyarələri alacaq

2026/05/Ekran-1778523105.jpg
Oxunub: 395     21:38     11 May 2026    
Braziliyada yerləşən “Embraer” BƏƏ ilə 10 ədəd qəti sifariş və 10 ədəd satınalmanı ehtiva edən C-390 nəqliyyat təyyarəsi müqaviləsi imzalayıb.

Ordu.az xəbər verir ki, BƏƏ Prezidentinin müavini Şeyx Mansur bin Zayed Əl Nəhyan “Make it in the Emirates 2026” sərgisi çərçivəsində BƏƏ Hərbi Hava Qüvvələrinin inventarına daxil ediləcək C-390 “Millennium” təyyarələrinin imza mərasimində iştirak edib.

“Embraer” CEO-su Françisko Gomes Netonun nəzarəti altında keçirilən mərasimdə müqavilə Tawazun Şurasının Baş katibi dr. Nasser Humaid Al Nuaimi ilə “Embraer” Müdafiə və Təhlükəsizlik üzrə Prezidenti Bosko da Kosta Cunior tərəfindən imzalanıb.

BƏƏ-nin müdafiə və təhlükəsizlik təchizatından məsul qurumu olan “Tawazun” Şurası “Embraer” ilə 10-u qəti, 10-u isə seçim hüququ olmaqla ümumilikdə 20 təyyarəni əhatə edən müqavilə imzalayıb. Yerli müdafiə sənayesi tərəfdaşı ilə strateji əməkdaşlıq çərçivəsində həyata keçirilən bu addım ölkənin hərbi logistika və hava nəqliyyatı imkanlarını modernləşdirməyi hədəfləyir.

Ən səmərəli sistem seçilib

Müqaviləyə əsasən, C-390 “Millennium” parkı üçün genişmiqyaslı texniki xidmət, təmir və əsaslı bərpa (MRO) infrastrukturu ilə satışdan sonrakı dəstək xidmətləri yerli tərəfdaşla birgə yaradılacaq. BƏƏ Hərbi Hava Qüvvələri təyyarəni, regionun çətin əməliyyat şəraitini əhatə edən geniş sınaq kampaniyaları da daxil olmaqla, ciddi təhlil prosesinə cəlb edib. Nəticədə C-390 həyat dövrü xərclərini optimallaşdırarkən ən kritik missiya tələblərini qarşılaya bilən, əməliyyat səmərəliliyi ən yüksək platforma kimi seçilib.

Digər tərəfdən, bu razılaşma C-390 “Millennium”un indiyədək bir ölkədən aldığı ən böyük beynəlxalq sifariş kimi qeydə alınmaqla yanaşı, təyyarənin Yaxın Şərq bazarına ilk strateji girişi kimi də tarixə düşür. Razılaşma ilə bağlı “Tawazun” Müdafiə Şurasının Baş katibi dr. Nasser Humaid Al Nuaimi belə deyib:

“Bu müqavilə BƏƏ-nin hərbi hava nəqliyyatı qabiliyyətində kritik əməliyyat artımına işarə edir. Hazırlıq səviyyəsini və əməliyyat səmərəliliyini gücləndirən bu addım Silahlı Qüvvələrimizin müxtəlif coğrafiyalarda və fərqli ssenarilərdə geniş missiya spektrini uğurla yerinə yetirməsinə imkan verəcək. C-390 “Millennium” seçimi təyyarənin yüksək performans və etibarlılıq standartlarını təsdiqləyən, mövcud sistemlərlə tam inteqrasiyanı əsas götürən və BƏƏ-nin çoxməqsədli hava daşımacılığı qabiliyyətini uzunmüddətli dövrdə modernləşdirən geniş texniki və əməliyyat qiymətləndirmə prosesinin nəticəsidir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   C-390  


Bizi "telegram"da izləyin