Ordu.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian İslam Respublikasının Hüquq-Mühafizə Qüvvələrinin (FARAJA) komandanlığı və yüksəkvəzifəli zabitlərlə görüşü zamanı bildirib.
İranın “Mehr” agentliyinin məlumatına görə, Pezeşkian bildirib ki, hazırda ölkənin qarşısında üç mümkün ssenari dayanır:
ölkənin hüquqlarını qorumaq üçün ləyaqət və güc mövqeyindən çıxış edərək danışıqlara başlamaq,
“nə müharibə, nə sülh” vəziyyətinin davam etməsi,
qarşıdurma və hərbi toqquşmanın davam etdirilməsi.
“Milli maraqlara əsaslanan rasional və məntiqli seçim ondan ibarətdir ki, silahlı qüvvələrin döyüş meydanında qazandığı qələbə diplomatik sahədə tamamlanmalı və İran xalqının hüquqları ləyaqət və nüfuz mövqeyindən təsbit edilməlidir”, - deyə o bildirib.
Prezident qeyd edib ki, danışıqlara hazır olmaq güzəşt deyil, düşünülmüş strategiyadır.
O, İslamı qəbul edən ilk kişi hesab olunan imam Əlinin “Nəhcül-bəlağə” əsərindən sitat gətirərək bildirib ki, əgər qarşı tərəf sülh təklif edirsə, bu təklif rədd edilməməlidir. Lakin sülh əldə olunduqdan sonra sadəlövhlük və ya özündənrazılıq nümayiş etdirmək olmaz.
“İran İslam Respublikası bu prinsiplərdən çıxış edərək və qarşı tərəfə inamsızlığı qoruyaraq danışıqları ləyaqət, müdriklik və məqsədəuyğunluq mövqeyindən mümkün hesab edir”, - deyə Pezeşkian vurğulayıb.
O əlavə edib ki, İranın ali rəhbərliyinin və xalqının maraqlarını nəzərə alan razılaşma əldə olunacağı halda ölkə üzərinə götürdüyü öhdəliklərə əməl edəcək.
Sevinc Əliyeva
Ordu.az