Ordu.az xəbər verir ki, bu barədə “Saudi Aramco” şirkətinin rəhbəri Amin Nasser açıqlama verib.
Onun sözlərinə görə, bu vəziyyət tədarük çatışmazlığını daha da dərinləşdirərək faktiki olaraq tarixdə ən böyük enerji böhranına çevrilib.
Nasser bildirib ki, yaranan çatışmazlıq qismən dünya neft ehtiyatlarından istifadə hesabına kompensasiya olunur, lakin qlobal ehtiyatlar eyni zamanda sürətlə azalır.
O qeyd edib ki, şirkətlər və hökumətlər strateji və kommersiya neft anbarlarından fəal şəkildə istifadə edir və dünya ehtiyatları təhlükəli dərəcədə aşağı səviyyəyə düşüb.
“Azad istehsal güclərinin böyük hissəsi Fars körfəzi regionunda cəmləşib ki, bu da çatışmazlığın aradan qaldırılması imkanlarını məhdudlaşdırır”, - deyə o bildirib.
Nasser vurğulayıb ki, vəziyyət enerji daşıyıcılarının qiymətlərinin kəskin artımı riskini yüksəldir və bu da dünya iqtisadi artımını ləngidə bilər.
O həmçinin qeyd edib ki, Yaxın Şərqdə artıq üçüncü aydır davam edən münaqişə dünya bazarlarına neft tədarükünün pozulmasının ən böyük amilinə çevrilib.
ABŞ ilə İran arasında danışıqlarda irəliləyişin olmaması fonunda bazar ertəsi neftin qiyməti bir barel üçün 100 dolları keçib.
Nasser bildirib ki, mövcud vəziyyət ehtiyatlardan istifadə hesabına “maskalanır” və buna görə də bazardakı real gərginlik hər zaman fyuçers qiymətlərində əks olunmur.
O, “kağız bazar” qiymətləri ilə fiziki neft tədarükünün dəyəri arasındakı uyğunsuzluğa da diqqət çəkib.
“Saudi Aramco” rəhbəri Yaxın Şərqdən kənarda hasilat sektoruna kifayət qədər investisiya qoyulmamasının qlobal enerji sistemini belə böhranlara qarşı həssas etdiyini vurğulayıb.
Onun proqnozuna görə, çatışmazlıq may və iyun aylarında daha da hiss olunacaq və böhran davam edərsə, bazarın tarazlaşması gələn ilə qədər uzana bilər.
Sevinc Əliyeva
Ordu.az