Türkiyə Egey və Aralıq dənizində dəniz sərhədləri ilə bağlı qanun hazırlayır

2026/05/1778519091.jpg
Oxunub: 427     20:50     11 May 2026    
Türkiyə Egey və Aralıq dənizinin mübahisəli bölgələrində dəniz yurisdiksiyasını rəsmiləşdirəcək qanun layihəsini parlamentə təqdim etməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bu addım regionda təbii qaz yataqları ətrafında davam edən mübahisələr fonunda gərginliyi daha da artıra bilər.

Mənbələrin bildirdiyinə görə, qanun layihəsi Ankaranın potensial təbii qaz ehtiyatları üzərində iddialarını və hüquqlarını rəsmi şəkildə təsbit etmək istiqamətində ilk addımıdır.

Türkiyə Şərqi Aralıq dənizində həm öz maraqlarını, həm də Şimali Kipr Türk Respublikasının maraqlarını qorumaq niyyətindədir. Bu regionda müxtəlif ərazi iddiaları toqquşur.

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yüksəkvəzifəli müttəfiqlərindən biri Fransa, Yunanıstan, Kipr və İsrail arasında təhlükəsizlik və energetika sahəsində əməkdaşlıqla bağlı risklər barədə xəbərdarlıq etmişdi.

“Milliyyətçi Hərəkat” Partiyasının lideri Dövlət Baxçalı parlamentdə çıxışı zamanı bildirib: “Türkiyə gərginlik axtaran ölkə deyil. Lakin onun hüquqlarını, dəniz yurisdiksiyası zonalarını və Kipr türklərinin hüquqlarını görməzlikdən gələn istənilən addım qəti cavabla qarşılanacaq”.

Yunanıstan beynəlxalq hüquqa əsaslanaraq adaların kontinental şelf sərhədlərini müəyyən edə biləcəyini iddia edir. Türkiyə isə bu yanaşmanı rədd edir və şelfin yalnız materik hissəsi əsasında hesablanmalı olduğunu bildirir.

Gözlənilir ki, qanun ilk dəfə olaraq Türkiyənin mövqeyini rəsmi şəkildə təsbit edəcək. Lakin sənədin parlamentdə müzakirə vaxtı hələ məlum deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Egey   Aralıq  


Bizi "telegram"da izləyin