Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov TASS agentliyinə bildirib ki, Slovakiyanın Baş naziri Robert Fitso Ukrayna Prezidenti Volodimir Zelenskidən Vladimir Putinə “heç bir mesaj çatdırmayıb”. “Heç bir mesaj olmayıb”, - deyə Uşakov bildirib.
Kremlin mətbuat xidməti isə məlumat yayıb ki, Rusiya Prezidenti ilə Slovakiya Baş naziri arasında əvvəlcə “üzbəüz qısa görüş”, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş görüş keçirilib. Rəsmi açıqlamaya görə, Putin yalnız ikitərəfli münasibətlərdən danışıb. O, həmçinin Slovakiyanın azad olunması uğrunda həlak olmuş sovet əsgərlərinin xatirəsinin yad edilməsinə görə Fitsoya təşəkkür edib.
Bir gün əvvəl Kremlin sözçüsü Dmitri Peskov Fitsonun açıqlamasına istinad edərək Slovakiya Baş nazirinin “Ukrayna Prezidentindən Rusiya liderinə məktub çatdırmaq niyyətində ola biləcəyini” ehtimal etmişdi. Digər mənbələr isə həmin “məktubun Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən birgə imzalandığını” yazmışdı.
Bəzi məlumatlara görə, Lyayen və Zelenski “atəşkəsin təsdiqlənməsini təklif ediblər”. Ukrayna “Donetsk vilayətindən qoşunlarını çıxarmağa razılaşıb”, bunun müqabilində isə Rusiyanın Sumı və Xarkov vilayətlərindən geri çəkilməsi nəzərdə tutulub.
Xerson və Zaporojye vilayətlərində isə “mövcud təmas xəttinin sərhəd xətti kimi qalması” təklif olunub. Görünür, Vladimir Putin Slovakiya Baş naziri ilə üzbəüz görüşdə “Lyayen və Zelenskinin imzaladığı məktubu qəbul etməkdən imtina edib”. Ukrayna nizamlanmasının perspektivləri ilə bağlı suala cavab verən Kremlin sözçüsü Dmitri Peskov bunun “mürəkkəb və zaman tələb edən proses” olduğunu bildirib.
Putinin köməkçisi Yuri Uşakov isə ümid etdiyini bildirib ki, “Donald Tramp atəşkəs rejiminə əməl olunması məsələsində Ukrayna tərəfini intizama çağıracaq”. Belə görünür ki, Putin Ukrayna məsələsində Avropa İttifaqının iştirakını rədd edib. Moskva hələ də Ukrayna ilə bağlı məsələdə ABŞ ilə razılığa gəlməyin mümkün olacağına ümid edir.
Bir gün əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton “boş yerə vaxt sərf etməyəcək” və yalnız “real nəticə əldə etmək imkanı gördüyü halda” praktiki vasitəçilik həyata keçirəcək.
Slovakiya Baş nazirinin Moskvaya səfəri və Rusiya Prezidenti ilə üzbəüz görüşü üç günlük atəşkəsin davam etdirilməsi və diplomatik prosesin canlandırılması üçün imkan yaradırdı. Lakin görünür, Moskva müharibəni davam etdirmək mövqeyində qalır.
Asif Cəfərov
Ordu.az