Baltik üzərində gərginlik: Rusiya təyyarələrinə önləmə tətbiq edildi!

2026/05/photo-1778499201.jpg
Oxunub: 548     15:32     11 May 2026    
Portuqaliya Hərbi Hava Qüvvələrinə məxsus F-16 döyüş təyyarələri NATO-nun “Baltic Air Policing 2026” missiyası çərçivəsində Baltik dənizi üzərində Rusiyaya məxsus “An-12” nəqliyyat təyyarəsini və “Su-35” döyüş təyyarələrini önləyib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

NATO Hava Komandanlığının məlumatına görə, önləmə tapşırığında iştirak edən Portuqaliya F-16-ları Estoniyadakı “Ämari” Hava Bazasında yerləşdirilib. Portuqaliya bölmələri aprelin 1-dən etibarən ümumilikdə altı dəfə təcili qalxma tapşırığı yerinə yetirib.

NATO-nun Baltik hava polisi missiyası Litva, Latviya və Estoniyanın hava məkanının qorunmasını məqsəd qoyur. Alyans üzvü ölkələr növbə ilə bölgəyə döyüş təyyarələri yerləşdirir.

Rusiya təyyarələri radarlarını söndürür

May ayının əvvəlində NATO-ya aid döyüş təyyarələri beynəlxalq uçuş qaydalarına əməl etmədən uçan Rusiya hava vasitələrini aşkarlamaq və müşayiət etmək məqsədilə üç dəfə havaya qalxıb.

Mayın 1-də Fransa Hərbi Hava və Kosmik Qüvvələrinə məxsus “Rafale” döyüş təyyarələri Kalininqrad bölgəsindən havaya qalxan iki Rusiya” Su-24M” bombardmançı təyyarəsini önləyib.

NATO mənbələrinə görə, Rusiya təyyarələri radar transponderləri söndürülmüş vəziyyətdə uçub. Bundan əlavə, uçuş planının təqdim edilmədiyi və regional hava hərəkəti idarəetmə mərkəzləri ilə radio əlaqəsinin qurulmadığı bildirilib.

Aprelin sonlarında isə İsveç və Danimarka döyüş təyyarələri Baltik dənizi üzərində Rusiya “Tu-22M3” strateji bombardmançı təyyarələrini və onları müşayiət edən “Su-35S” döyüş təyyarələrini önləmə tapşırığı yerinə yetirmişdi.

Slovakiya da F-16 göndərməyi planlaşdırır

Daha əvvəl yayılan məlumata görə, Slovakiyanın da 2027-ci ilin sonuna qədər F-16 döyüş təyyarələrini NATO-nun Baltik hava polisi tapşırığına göndərməyi planlaşdırdığı bildirilmişdi.

Baltik bölgəsində son vaxtlar artan Rusiya hava fəaliyyəti NATO-nun hava polisi əməliyyatlarının intensivliyini artırıb, xüsusilə transponderi söndürülmüş uçuşlar və bildirişsiz tapşırıqlar alyans tərəfindən təhlükəsizlik riski kimi qiymətləndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Portuqaliya   NATO   Rusiya  


Bizi "telegram"da izləyin