Ordu.az xəbər verir ki, ASELSAN-ın baş direktoru Ahmet Akyol “SavunmaSanayiST.com”a açıqlamasında sərgidə ilk dəfə seriyalı istehsal konfiqurasiyası nümayiş etdirilən GÜRZ sisteminin gələn il inventara daxil olacağını açıqlayıb.
ASELSAN-ın hava hücumundan müdafiə, radiolokasiya, radioelektron mübarizə və komanda-idarəetmə sistemlərini inteqrasiya edən “Polad Günbəz” arxitekturasının daim inkişaf etdiyini bildirən Ahmet Akyol sərgi çərçivəsində yeni müqavilələrin də imzalandığını deyib.
“Hava hücumundan müdafiə, radiolokasiya və radioelektron mübarizə məhsulları ilə formalaşdırılan və komanda-idarəetmə ilə rabitə vasitəsilə bir-birinə inteqrasiya edilən “Polad Günbəz” arxitekturamız yaşayan sistemdir”, - deyə Akyol bildirib.
Akyol sərgidə üst təbəqə ilə bağlı yeni müqavilələrin imzalandığını vurğulayaraq qeyd edib: “Bu sərgidə üst təbəqəyə aid yeni müqavilələr imzaladıq: SİPER “Ürün-1” və “Ürün-2”.
Ahmet Akyol ASELSAN-ın hibrid hava hücumundan müdafiə sistemi GÜRZ-ün əvvəllər prototip kimi nümayiş etdirildiyini xatırladaraq bildirib ki, SAHA 2026 sərgisində ilk seriyalı istehsal vasitəsi təqdim olunub.
Sistemin artıq əməliyyat doğrulama mərhələsinə keçdiyini bildirən Akyol qeyd edib: “Bu artıq real məhsuldur. Prototipdən seriyalı istehsala keçid mərhələsindəki təkmilləşdirmə fəaliyyətləri tamamlandı. İstehsal mərhələsinə keçdik, gələn il məhsulu inventarda görəcəyik”.
HİSAR və KORKUT layihələrindən əldə edilən qabiliyyətlərin GÜRZ-də bir araya gətirildiyini bildirən Ahmet Akyol sistemin tək platformada çoxqatlı həll təqdim etdiyini deyib.
“Tək vasitədə radiolokasiya sistemi, raket və silahın toplanması ciddi üstünlükdür”, - deyə o vurğulayıb.
Akyol sistemin yalnız raket deyil, parçacıq təsirli ağıllı sursat istifadə edən top sisteminə də malik olduğunu qeyd edib.
“Mobil olmaq hava hücumundan müdafiədə kritik məsələdir. Atəş açdıqdan sonra yer dəyişdirmək də kritik məsələdir”, - deyə o bildirib.
Ahmet Akyol GÜRZ-ün müasir döyüş meydanının ehtiyaclarına uyğun hazırlandığını vurğulayaraq sistemin çoxsaylı sensor və radioelektron mübarizə infrastrukturu ilə diqqət çəkdiyini deyib.
“Mobil olan, tək sistemdə həm raket, həm parçacıq təsirli ağıllı sursat atan, AESA radiolokasiya sistemi, optik sistemi və jammeri olan sistemdir”, - deyə Akyol bildirib.
Akyol sistemin döyüş meydanındakı aktual təhdidlərə uyğun formalaşdırıldığını qeyd edərək bildirib: “Dünyadakı müharibə meydanlarında baş verən inkişaflardan çıxarılan dərslərin inteqrasiya olunduğu sistemdir”.
Ahmet Akyol seriyalı istehsala yeni keçilməsinə baxmayaraq, sistemə beynəlxalq marağın yarandığını və GÜRZ-ün yüksək ixrac potensialına malik olduğunu vurğulayıb.
“Hazırda belə, hələ yeni seriyalı istehsala keçmişik, danışıqlar başlayıb”, - deyə o bildirib.
Sistemin həm Quru Qoşunları, həm də Hərbi Hava Qüvvələrinin inventarına daxil olacağını bildirən Akyol qeyd edib: “Ordumuza, həm Hərbi Hava Qüvvələrimizə, həm də Quru Qoşunlarımıza ciddi töhfə verəcək”.
Sevinc Əliyeva
Ordu.az