ASELSAN dəniz müharibəsi konsepsiyasında yeni dövrün qapısını açıb

2026/05/1778498608.jpg
Oxunub: 473     15:20     11 May 2026    
ASELSAN SAHA 2026 sərgisində ilk dəfə nümayiş etdirdiyi kamikadze avtonom sualtı platforma KILIÇ və kamikadze insansız dəniz platforması TUFAN ilə dəniz müharibəsi konsepsiyasında yeni dövrün qapısını açıb.

Ordu.az xəbər verir ki, ASELSAN-ın baş direktoru Ahmet Akyol “SavunmaSanayiST.com”a açıqlamasında sistemlərin “Mavi Vətən”də assimetrik müharibə konsepsiyasına yeni ölçü qazandıracağını bildirib.

ASELSAN-ın uzun illərdir sualtı texnologiyalarına investisiya yatırdığını qeyd edən Ahmet Akyol şirkətin bu sahədə ciddi mühəndislik və sınaq infrastrukturu formalaşdırdığını deyib.

“Bizim həqiqətən edilməyəni etməyə çalışan siyasətimiz var. Su altı sürpriz təsir yaradan sahədir. Yaxşı müdafiə təmin edir, amma texnologiyanı çətinləşdirən mühitdir. Su altında naviqasiya, hərəkət, rabitə kimi bir çox məsələ tamamilə fərqli fiziki mühitdə baş verir”, - deyə Akyol bildirib.

Ahmet Akyol ASELSAN-ın sonar, əks-tədbir və sualtı sistemləri sahəsində uzun müddətdir çalışdığını vurğulayaraq qeyd edib: “Su altı Türkiyədə bizim ixtisas sahəmiz adlandıra biləcəyimiz, həqiqətən geniş komandamızın çalışdığı, özümüzə məxsus sualtı hovuzlarımızın olduğu infrastruktur, sınaq infrastrukturu, insan resursu və təcrübə ilə ciddi qabiliyyətə sahib olduğumuz sahədir”.

Ahmet Akyol bildirib ki, sərgidə ilk dəfə nümayiş etdirilən KILIÇ ASELSAN-ın dənizlərdə assimetrik müharibə konsepsiyasına yönəlik hazırladığı ən diqqətçəkən sistemlərdən biridir.

“KILIÇ “Mavi Vətən”in yeni gücüdür. Həqiqətən dənizlərdə hesabları dəyişdirəcək qabiliyyətdir”, - deyə o bildirib.

Akyol KILIÇ-ın uzunmənzilli hərəkət qabiliyyəti, avtonom tapşırıq strukturu, yüksək döyüş başlığı tutumu və çoxsaylı hücum imkanları ilə seçildiyini vurğulayıb.

“Qurudan və ya dənizdən buraxıla bilər, hər hansı gəmi və ya sualtı qayıqdan asılı deyil, həqiqətən seriyalı istehsal infrastrukturu düşünülmüş və kommersiya baxımından daha xərc effektiv məhsullarla hazırlanmış sistemdir”, - deyə o bildirib.

Akyol sistemin seriyalı istehsala hazır olduğunu vurğulayaraq qeyd edib: “Bunu Türkiyəyə artıq istehsala hazır vəziyyətdə təqdim etdik. Həqiqətən donanmamıza güc qatacaq, donanmamızın zərbə gücünü və çəkindirmə qabiliyyətini artıracaq məhsuldur. Türkiyənin ilk kamikadze avtonom sualtı platformasıdır”.

KILIÇ-ın kiçik və böyük olmaqla iki müxtəlif versiyası mövcuddur və sistem fərqli əməliyyat konsepsiyalarına uyğun tapşırıqları yerinə yetirə bilir.

ASELSAN-ın təqdim etdiyi digər diqqətçəkən sistem isə TUFAN olub.

Ahmet Akyol TUFAN-ın tamamilə kamikadze tapşırıqları üçün optimallaşdırıldığını bildirərək deyib: “Aşağı radara görünmə qabiliyyətli, çox yüksək sürətli, ciddi döyüş başlığı qabiliyyətinə malik, sürü hücum imkanları olan sistemdir”.

Yeni nəsil assimetrik müharibə konsepsiyasına diqqət çəkən Akyol qeyd edib: “Bu iki sistem birlikdə ASELSAN-dakı mədəni dəyişimin də nəticələridir”.

Ahmet Akyol ASELSAN-ın yalnız yeni nəsil insansız sistemlərdə deyil, ənənəvi dəniz platformalarında da fəaliyyətini davam etdirdiyini və Türkiyədə inşa edilən bütün döyüş gəmilərində ASELSAN sistemlərinin yer aldığını bildirib.

“Bu gün 40-dan çox gəmi inşa edilir və onların hamısında ASELSAN-ın silah və sensorları var”, - deyə o qeyd edib.

Şirkətin xarici gəmiqayırma zavodları ilə də aktiv əməkdaşlıq etdiyini bildirən Akyol sözlərini belə tamamlayıb: “Bu kamikadze vasitələr əslində Türkiyənin havadakı pilotsuz uçuş aparatlarında əldə etdiyi uğuru su altına daşımağın addımlarıdır”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə   TUFAN   KILIÇ  


Bizi "telegram"da izləyin