Belçika ABŞ-dən AIM-120 AMRAAM “hava-hava” raketi tədarükü üçün Vaşinqtondan rəsmi təsdiq istəyib

2026/05/1778498548.jpg
Oxunub: 434     15:15     11 May 2026    
Belçika hava qüvvələri və hava hücumundan müdafiə infrastrukturunu gücləndirmək məqsədilə ABŞ-dən təxminən 3,69 milyard dollar dəyərində AIM-120 AMRAAM “hava-hava” raketi tədarükü üçün Vaşinqtondan rəsmi təsdiq istəyib.

Ordu.az Belçika mətbuatına istinadən xəbər verir ki, tədarük paketinin əsasını RTX “Corporation” tərəfindən istehsal edilən AIM-120 AMRAAM raketləri təşkil edir.

Həmin sursatların Belçikanın inventarındakı 45 ədəd F-35 “Lightning II” döyüş təyyarəsində istifadə olunması ilə yanaşı, NASAMS hava hücumundan müdafiə sistemlərinə də inteqrasiya edilməsi planlaşdırılır.

Radiolokasiya ilə idarə olunan AIM-120 AMRAAM raketləri döyüş təyyarələri, qanadlı raketlər və müxtəlif hava təhdidlərinə qarşı istifadə üçün hazırlanıb. Sistem xüsusilə Ukrayna müharibəsində intensiv istifadədən sonra NATO ölkələrinin sursat planlamasında kritik mövqeyə yüksəlib.

Belçikanın NASAMS strukturu çərçivəsində təxminən 10 batareyadan ibarət hava hücumundan müdafiə şəbəkəsi planlaşdırdığı bildirilir. Çoxsaylı buraxılış qurğusu strukturu səbəbindən yüzlərlə AMRAAM raketinə ehtiyac yaranacağı qiymətləndirilir. Buna F-35 parkının təlim, əməliyyat istifadəsi və ehtiyat stok tələbləri də əlavə edildikdə uzunmüddətli və davamlı sursat tələbi ortaya çıxır.

Brüssel administrasiyası yalnız sursat tədarükünə deyil, AMRAAM istehsal zəncirində iştirak etməyə də hazırlaşır. Belçikalı rəsmilərin Avropa üçün raket istehsalı məqsədilə Limburg bölgəsindəki Zutendaal şəhərində yerləşən “FN Browning” müəssisəsinin qiymətləndirilməsi ilə bağlı danışıqları davam etdirdiyi bildirilir.

Bundan əvvəl Belçikanın AMRAAM raketinin Avropadakı ortaq istehsal proqramında ən güclü namizədlərdən biri olduğu qeyd edilmişdi. Proqram çərçivəsində istehsal fəaliyyətlərinin Belçikada yerləşən “FN Herstalın rəhbərliyi altında həyata keçirilməsi, raket komponentləri və inteqrasiya proseslərində aktiv rol alınması planlaşdırılır.

ABŞ tərəfi AMRAAM istehsal gücünü ciddi şəkildə artırmağı planlaşdırır. 2023-cü ildən etibarən illik təxminən 1200 ədəd səviyyəsində olan istehsalın 2026-cı ildən etibarən ən azı 1900 ədədə çatdırılması hədəflənir. Avropada qurulacaq istehsal xəttinin bu güc artımının mühüm hissələrindən biri olması gözlənilir.

Belçikanın coğrafi mövqeyi də layihədə üstünlük yaradır. Almaniya, Fransa, Niderland və Böyük Britaniya arasında yerləşən ölkə Antverpen limanı və inkişaf etmiş quru ilə dəmir yolu şəbəkəsi sayəsində NATO-nun logistik mərkəzi kimi ön plana çıxır.

AMRAAM istehsal fəaliyyətlərinə ev sahibliyi etmək istəyən ölkələr arasında Niderland da yer alır. Niderlandın son illərdə böyük həcmli AMRAAM sifarişləri verdiyi və istehsal xətti məsələsində Belçika ilə rəqabət apardığı bildirilir.

Proqramın əsas podratçısı olaraq RTX “Corporation” qalmağa davam edəcək. Raketin radiolokasiya axtarış başlığı, idarəetmə sistemləri və proqram təminatı arxitekturası kimi kritik komponentlərin ABŞ-nin nəzarətində saxlanacağı, Avropadakı istehsal fəaliyyətlərinin isə daha çox struktur hissələri və inteqrasiya proseslərinə yönələcəyi qeyd olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belçika   ABŞ   AIM-120-AMRAAM  


Bizi "telegram"da izləyin