“Hanwha Aerospace” Estoniyaya əlavə üç “Chunmoo” sistemi tədarük edəcək

2026/05/1778498416.jpg
Oxunub: 420     15:10     11 May 2026    
“Hanwha Aerospace” hökumətlərarası müqavilə çərçivəsində Estoniyaya əlavə üç ədəd “Chunmoo” yaylım atəşli reaktiv sistemi tədarük edəcəyini açıqlayıb.

Ordu.az “The Korea Times” nəşrinə istinadən xəbər verir ki, son müqavilə Koreya Ticarət və İnvestisiya Təşviqi Agentliyi (KOTRA) ilə Estoniya Müdafiə İnvestisiyaları Mərkəzi arasında imzalanıb.

Yeni sifariş 2025-ci ilin dekabrında imzalanmış və təxminən 290 milyon avro dəyərində olan müqavilənin davamı xarakteri daşıyır. Həmin müqaviləyə altı “Chunmoo” buraxılış qurğusu, üç müxtəlif raket növü, eləcə də əməliyyat və təlim dəstəyi daxil idi.

Əvvəlki müqavilədə CGR-080, CTM-MR və CTM-290 raketləri yer alırdı. Əlavə sifarişlə birlikdə Estoniyanın “Hanwha Aerospace” ilə əməkdaşlığı K9 özüyeriyən haubitsaları və “Chunmoo” yaylım atəşli reaktiv sistemlərini əhatə etməyə başlayıb.

“Chunmoo” sistemi 80 kilometrədək mənzilə malik 239 mm-lik idarəolunan raketləri buraxa bilir. Bundan əlavə, 290 kilometr mənzilli CTM-290 taktiki ballistik raketlərini də işə salmaq qabiliyyətinə malikdir.

Şirkət bildirib ki, Estoniyanın yeni tədarük qərarı daha əvvəl həyata keçirilən K9 artilleriya proqramları və ilk “Chunmoo” müqaviləsi çərçivəsində təmin edilən sürətli təhvil, məhsul keyfiyyəti və sistem etibarlılığı nəticəsində formalaşmış etimadı əks etdirir.

Estoniyanın müdafiə naziri Hanno Pevkur əlavə üç “Chunmoo” sistemi ilə bağlı müqavilənin ölkənin hərbi imkanlarının inkişafı baxımından mühüm addım olduğunu bildirib və Cənubi Koreya ilə müdafiə sahəsində əməkdaşlığın getdikcə daha effektiv hala gəldiyini vurğulayıb.

Şirkət həmçinin Estoniya ilə qurduğu tərəfdaşlıq sayəsində Baltik və Skandinaviya regionlarındakı mövcudluğunu genişləndirməyi və quru sistemləri portfelini böyütməyi hədəflədiyini qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Estoniya   Chunmoo   Hanwha-Aerospace  


Bizi "telegram"da izləyin