Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
“Çinavat bazar ertəsi Banqkok həbsxanasından cəzanın səkkiz ayını çəkdikdən sonra azad edilib”, - deyə agentlik bildirir.
Həbsxananın qapıları önündə Çinavatı ailə üzvləri qarşılayıblar. O, tərəfdarların izdihamını salamlayıb, lakin jurnalistlərlə danışmayıb.
Şərti-erkən azad etmə çərçivəsində keçmiş baş nazir sentyabr ayınadək dörd ay Banqkokda göstərilən ünvanda yaşamalı, elektron qolbaq daşımalı və müntəzəm olaraq probasiya xidməti əməkdaşlarına hesabat verməlidir.
Çinavat 2001-2006-cı illərdə Tailandın baş naziri vəzifəsini tutub. O, hərbi çevriliş nəticəsində devrilib. Bununla belə, hesab olunur ki, o, müəyyən siyasi təsirini saxlaya bilib.
15 ildən çox müddət ərzində Çinavat ölkə xaricində olub və 2023-cü ildə Tailanda qayıdıb. Bu, “Pheu Thai” Partiyasının hakimiyyətə gəlməsindən sonra baş verib. Qayıdışından sonra o, bir sıra ittihamlar üzrə, xüsusilə də səlahiyyətlərdən sui-istifadəyə görə, səkkiz il həbs cəzasına məhkum edilib, lakin Tailand kralı X Rama müddəti bir il azadlıqdan məhrumetməyə qədər azaldıb. Həmin vaxt Çinavat həbsxanada bir gündən də az qalıb, səhhətinə görə onu xəstəxanaya köçürüblər. Daha sonra o, şərti-erkən azad edilib.
Bundan sonra, 2025-ci ilin sentyabrında Ali Məhkəmə keçmiş hökumət başçısını daha bir il həbs cəzasına məhkum edib. Buna səbəb onun 2023-cü il hökmü ilə müəyyən edilmiş həbsdən yayınmaq üçün Mərkəzi Polis Xəstəxanasında 120 gün qanunsuz qalması olub. Məhkəmə onun əvvəlki ittihamlarını, o cümlədən vəzifə səlahiyyətlərindən sui-istifadəni də yenidən təsdiqləyib.
Sevinc Əliyeva
Ordu.az