Ordu.az xəbər verir ki, Belçika İqtisadi Missiyası çərçivəsində Türkiyəyə rəsmi səfər edən Belçika Kraliçası Matildanın rəhbərlik etdiyi nümayəndə heyəti “Baykar”ın milli və orijinal pilotsuz uçuş aparatlarının AR-GE və istehsal fəaliyyətlərinin həyata keçirildiyi Özdemir Bayraktar Milli Texnologiya Mərkəzini ziyarət edib.
Kraliça Matildanın rəhbərlik etdiyi nümayəndə heyətində Belçikanın Baş nazirinin müavini və xarici işlər naziri Maksim Prevot, Müdafiə və xarici ticarət naziri Teo Franken, Brüssel Paytaxt Regionunun Baş naziri Boris Dilliyez, Flaman Regionunun Baş naziri Matthias Diependaele, Valon Regionunun Baş nazirinin müavini Pyer-İv Cehole, Belçikanın Ankaradakı səfiri Hendrik Van De Velde ilə yanaşı dövlət rəsmiləri, diplomatik missiya nümayəndələri, akademiklər, özəl sektor təmsilçiləri və belçikalı jurnalistlər yer alıb.
“Baykar”ın milli platformaları barədə brifinq verilib
Özdemir Bayraktar Milli Texnologiya Mərkəzini gəzən Kraliça Matilda və onu müşayiət edən nümayəndə heyətinə “Baykar” İdarə Heyətinin sədri və Texnologiya rəhbəri Selçuk Bayraktar ilə “Baykar”ın baş direktoru Haluk Bayraktar da müşayiət edib.
Ziyarətdə ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş və Prezidentin Müdafiə Komitəsinin sədri professor Haluk Görgün də iştirak edib.
Kraliça Matilda “Baykar”ın dünya miqyasında uğur qazanmış milli zərbə tipli pilotsuz uçuş aparatı platformalarını araşdıraraq həyata keçirilən AR-GE və istehsal fəaliyyətləri barədə ətraflı məlumat alıb.
Ziyarətin sonunda Özdemir Bayraktar Milli Texnologiya Mərkəzində nümayiş etdirilən Bayraktar AKINCI zərbə tipli pilotsuz uçuş aparatı önündə xatirə fotosu çəkdirilib.
Selçuk Bayraktar ziyarətin xatirəsinə Kraliça Matildaya “Bayraktar” KIZILELMA pilotsuz döyüş təyyarəsinin maketini təqdim edib.
Selçuk Bayraktar: Əməkdaşlıq imkanları baxımından mühüm bir ziyarət
Ziyarətdən sonra dəyərləndirmə aparan “Baykar” İdarə Heyətinin sədri Selçuk Bayraktar əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə həyata keçirilən səfərdən məmnunluq duyduqlarını bildirib.
Bayraktar deyib: “Bu təşəbbüsün Avropadakı təhlükəsizlik arxitekturasındakı ortaq səylərimiz baxımından mühüm olduğunu düşünürəm. “Baykar” dünyanın ən böyük pilotsuz uçuş aparatı şirkətidir. İxrac bazarının 60 faizinə təkbaşına sahibdir. Türkiyə də ümumi bazarın 65 faizinə sahibdir. Hazırladığımız texnologiyalar dünyaya damğa vurub və böyük maraq doğurur”.
SAHA 2026-da da qlobal təhlükəsizlik mühitindəki inkişaflar səbəbindən müdafiə texnologiyalarına intensiv maraq göstərildiyini bildirən Bayraktar bir çox ölkənin öz təhlükəsizliyini gücləndirməyə fokuslandığını söyləyib.
“Güclü ittifaqlar hərzamankından daha vacibdir”
Selçuk Bayraktar xüsusilə orta ölçülü və kiçik ölkələr baxımından əməkdaşlığın kritik əhəmiyyət daşıdığını vurğulayaraq, Türkiyənin dost və müttəfiq ölkələrə hər zaman açıq yanaşma sərgilədiyini qeyd edib.
Bayraktar deyib: “Dünyanın getdikcə daha mürəkkəb təhlükəsizlik mühitinə sürükləndiyi bir dövrdə bu cür əməkdaşlıqlar və ittifaqlar böyük əhəmiyyət daşıyır. Ticarət müharibələri və təchizat zəncirlərindəki problemlərin aradan qaldırılmasının yolu da güclü tərəfdaşlıqlar qurmaqdan keçir. Türkiyənin ən böyük ticarət tərəfdaşı Avropadır. Bizim ən yüksək ixrac potensialına çatdığımız bölgə də Avropadır”.
Sevinc Əliyeva
Ordu.az