XRQ-73 eksperimental PUA-sı ilk uçuşunu həyata keçirib

2026/05/1778304004.jpg
Oxunub: 496     09:21     09 May 2026    
“Northrop Grumman” şirkəti tərəfindən ABŞ Müharibə Nazirliyinin Qabaqcıl Müdafiə Tədqiqat Layihələri Agentliyinin (DARPA) proqramı çərçivəsində hazırlanmış XRQ-73 hibrid pilotsuz uçuş aparatı ilk dəfə havaya qalxıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Northrop Grumman”ın məlumatına görə, XRQ-73 yüngül avtonom uçuş aparatları üçün yeni nəsil enerji qurğularının hazırlanması məqsədilə nəzərdə tutulub.

Onun hibrid sistemi yanacaq qənaətini, istilik və səs görünürlüğünün azaldılmasını, eləcə də yeni taktiki imkanları birləşdirir.

İlk uçuşun hələ 2024-cü ilin sonuna qədər həyata keçirilməsi planlaşdırılırdı. Lakin “Naked Science” nəşrinin məlumatına görə, layihə naməlum texniki çətinliklərlə üzləşib. Hazırda isə aparatın bir sıra ciddi dəyişikliklərə məruz qaldığı aydın görünür.

Ən diqqətçəkən dəyişiklik qanadın yuxarı səthində, uclara daha yaxın yerləşdirilmiş iki şaquli kilin əlavə olunmasıdır. İstisna edilmir ki, sınaq proqramı genişləndirildikcə gələcəkdə onlar çıxarılsın. Oxşar elementlər əvvəlki XRQ-72A modelində də istifadə olunmuşdu.

XRQ-73-ün detallı xüsusiyyətləri hələ açıqlanmasa da, DARPA onu “Group 3” sinfinə məxsus pilotsuz uçuş aparatları sırasına daxil edir. Aparatın çəkisi təxminən 560 kiloqramdır. ABŞ hərbi təsnifatına görə, bu tip pilotsuz uçuş aparatları 1000 metrdən 5500 metrədək yüksəklikdə fəaliyyət göstərə və saatda 180-450 kilometr sürət yığa bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: XRQ-73   PUA  


Bizi "telegram"da izləyin