Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Murat İkinci bildirib: “ROKETSAN Türkiyənin ən sürətlə böyüyən müdafiə şirkətlərindən biridir. Hətta “Baykar”dan sonra dünyada ən sürətlə inkişaf edən ikinci müdafiə şirkətidir. Son 3-4 ildə dollar bazasında 50 faizdən çox inkişaf trendi əldə etmişik”.
İxracatda 1 milyard dollar hədəfi
ROKETSAN-ın 2025-ci ili 750 milyon dollardan çox ixrac göstəricisi ilə başa vurduğunu bildirən İkinci bu il hədəfin 1 milyard dollarlıq həddi keçmək olduğunu qeyd edib: “2025-ci ili 2 milyard dollardan çox dövriyyə ilə başa vurduq. Bu il isə 3 milyard dollardan xeyli çox dövriyyə gözləyirik. İstehsal infrastrukturumuz və imkanlarımız artdıqca inkişaf çoxşaxəli şəkildə davam edəcək”.
Şirkətin sifariş həcmindəki artıma da diqqət çəkən Murat İkinci hazırkı dövrdə milli və beynəlxalq sifariş miqdarında 2-3 dəfə artım yaşandığını bildirib və bunun gələcək inkişafın ən mühüm göstəricilərindən biri olduğunu vurğulayıb.
Yeni investisiyalarla istehsal gücü artır
ROKETSAN-ın son dövrdə mühüm istehsal və elmi-tədqiqat investisiyalarını həyata keçirdiyini bildirən İkinci Avropanın ən böyük döyüş başlığı müəssisəsinin açıldığını və yeni tədqiqat mərkəzlərinin istifadəyə verildiyini söyləyib.
Kırıkkaledə açılan yeni müəssisənin xüsusilə yanacaq istehsalı baxımından kritik əhəmiyyət daşıdığına diqqət çəkən İkinci belə deyib: “Təxminən 1 milyard dollarlıq investisiyanın açılışını etdik. Bununla yanaşı yeni 2 milyard dollarlıq investisiyanın da başlanğıcını reallaşdırdıq. Əldə etdiyimiz bütün vəsaitləri istehsal infrastrukturumuza və istehsal gücünün artırılmasına yönəldirik”.
İkinci yeni istehsal xətlərinin mərhələli şəkildə istifadəyə veriləcəyini və mövcud istehsal gücünün qarşıdakı dövrdə dəfələrlə artacağını bildirib.
İstehsal üç növbə ilə davam edir
ROKETSAN-ın mövcud istehsal infrastrukturunun tamamilə seriyalı istehsala yönəldiyini bildirən Murat İkinci müəssisələrdə üç növbəli sistemlə fəaliyyət göstərildiyini qeyd edib.
Yeni istehsal xətlərinin istifadəyə verilməsi ilə həm Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarının, həm də beynəlxalq tələbatın daha effektiv şəkildə qarşılanacağını bildirən İkinci xüsusilə ixracdan əldə olunan gəlirlərin yenidən istehsal infrastrukturuna yatırıldığını vurğulayıb.
CİDA-da 55 kilometrdən çox mənzil
Murat İkinci ROKETSAN-ın yeni nəsil tank əleyhinə raketi CİDA haqqında da məlumat verib. Sistemin əsas konsepsiyasının görünüşdənkənar nişanalma qabiliyyətinə malik uzaqmənzilli tank əleyhinə həll hazırlamaq olduğunu bildirən İkinci raketin müxtəlif platformalara inteqrasiya edilə biləcəyini deyib: “CİDA-nın əsas fəlsəfəsi görünüşdənkənar hədəflər üzərindəki axtarış başlığından gələn görüntünün operatora ötürülməsi və hədəfin uzaq məsafədən zərərsizləşdirilməsidir”.
Keçirilən sınaqlarda “hava-yer” tapşırıqlarında 55 kilometrdən çox, “yer-yer” tapşırıqlarında isə 35 kilometrdən çox mənzil əldə edildiyini açıqlayan İkinci sistemin ATAK helikopterləri, zirehli texnikalar və insansız quru platformaları üçün mühüm imkan təmin edəcəyini qeyd edib.
Tank əleyhinə raket ailəsində yeni seqment
ROKETSAN-ın KARAOK, OMTAS və UMTAS kimi tank əleyhinə sistemlərdən sonra CİDA ilə daha fərqli seqmentə keçdiyini bildirən İkinci yeni sistemin görünüşdənkənar uzaqmənzilli nişanalma qabiliyyəti ilə ön plana çıxdığını deyib.
CİDA-nın döyüş başlığının ağır sinfinə məxsus UMTAS sursatı ilə eyni təsir səviyyəsinə malik olduğunu bildirən İkinci sistemin xüsusilə data link, görüntüləmə və idarəetmə texnologiyaları ilə fərqləndiyini vurğulayaraq bildirib: “Öz sahəsində inqilabi məhsul kimi Silahlı Qüvvələrimizin xidmətinə veriləcək”.
Sevinc Əliyeva
Ordu.az