Polşa SAFE proqramı çərçivəsində 43,7 milyard avroluq kredit müqaviləsi imzalayıb

2026/05/1778259535.jpg
Oxunub: 487     20:45     08 May 2026    
Polşa Avropa İttifaqının “Avropa Təhlükəsizlik Fəaliyyəti” (SAFE) birgə müdafiə maliyyələşdirmə proqramı çərçivəsində 43,7 milyard avroluq müdafiə krediti müqaviləsi imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Polşanın dövlət yayımçısı “TVP World” məlumat yayıb.

Məlumata görə, Polşanın SAFE müqaviləsi Baş nazirin müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamış ilə maliyyə naziri Andjey Domanski tərəfindən keçirilən mərasimdə imzalanıb.

Polşa proqramda iştirak edən 19 ölkə arasında müqaviləni imzalayan ilk ölkə olub. Litvanın da yaxın vaxtlarda eyni addımı atacağı gözlənilir.

Polşaya 43,7 milyard avroluq vəsait

Polşa 43,7 milyard avroluq kredit məbləği ilə proqrama qoşulan ölkələr arasında ən böyük vəsaiti alan ölkə olub.

Müqavilənin imzalanmasından sonra Polşanın may ayında təxminən 6,5 milyard avroluq ilkin ödəniş alacağı gözlənilir.

Bu vəsaitlərin Polşa müdafiə şirkətlərinə yönəldilərək “Şərq Qalxanı” sərhəd təhlükəsizliyi proqramı, hava hücumundan müdafiə sistemləri və antidron sistemləri, artilleriya sistemləri, zirehli texnikalar və sursat istehsalını dəstəkləməsi gözlənilir.

SAFE vetosundan sonra “B planı” işə salınıb

Polşa Prezidenti Karol Navrotski ölkəsinin SAFE birgə müdafiə maliyyələşdirmə proqramından kredit almasının qarşısını açacaq qanun layihəsinə veto qoymuşdu.

Polşa hökuməti Navrotskinin SAFE proqramını veto etməsindən sonra krediti əldə etmək üçün “B planı” həyata keçirəcəklərini açıqlamış, SAFE kreditinin Polşanın dövlət inkişaf bankı tərəfindən alınacağını və Silahlı Qüvvələri Dəstəkləmə Fondu vasitəsilə tətbiq olunacağını bildirmişdi.

SAFE mexanizmi necə işləyəcək?

Avropa İttifaqının Rusiyadan qaynaqlandığını düşündüyü təhdid, Ukraynada davam edən müharibə və Donald Tramp administrasiyasının təzyiqləri nəticəsində müəyyənləşdirdiyi “müdafiədə 2030 hədəfləri”nin tərkib hissəsi olan SAFE 2025-ci il mayın 29-da qüvvəyə minib.

Buna əsasən Avropa İttifaqı ölkələri, Ukrayna, Norveç, Lixtenşteyn və İslandiya 150 milyard avroya qədər kredit istifadə edərək birgə təchizat layihələrində iştirak edə biləcəklər. Bu ölkələr eyni zamanda bir-birlərinin sənaye müəssisələrindən də ortaq satınalmalar həyata keçirə biləcəklər.

Türkiyə kimi Avropa İttifaqına namizəd ölkələr və Kanada kimi Avropa İttifaqı ilə müqavilə imzalamış ölkələr də birgə təchizat layihələrində iştirak edə biləcəklər. Lakin istehsal ediləcək müdafiə məhsulunun komponentlərinin ümumi dəyərinin 65 faizi “Avropa daxilindən”, yəni Avropa İttifaqı ölkələri, Ukrayna, Norveç, Lixtenşteyn və İslandiyadan gəlməlidir.

Fond bölgüsündə ən böyük pay Polşaya ayrılıb

Sentyabrın 9-da Avropa İttifaqı müraciət edən 19 üzv ölkə arasında 150 milyard avroluq müdafiə fondunun ilkin bölgüsünün aparıldığını açıqlamışdı. Ən böyük pay (43 milyard 734 milyon avro) Polşaya ayrılıb. Fransaya 16 milyard 217 milyon avro, İtaliyaya isə 14 milyard 900 milyon avro ayrılmışdı.

Həmin ölkələr milli müdafiə planlarını 2025-ci il dekabrın 1-dən etibarən Avropa Komissiyasına təqdim etmişdilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   SAFE  


Bizi "telegram"da izləyin