TCG “Anadolu” SAHA 2026 çərçivəsində İstanbulda vətəndaşların ziyarətinə açılıb - VİDEO
Oxunub: 522
19:44
08 May 2026
Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığına məxsus çoxməqsədli amfibiya gəmisi TCG “Anadolu” SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi çərçivəsində vətəndaşların ziyarətinə açılıb.
Ordu.az xəbər verir ki, Sarayburnu Limanında lövbər salan gəmini görmək istəyən vətəndaşlar səhərin erkən saatlarından etibarən liman girişində sıxlıq yaradıblar.
Ziyarətçilər təhlükəsizlik yoxlamalarından sonra saat 10.00-dan etibarən qruplar halında gəmidə qəbul olunmağa başlayıblar.
Aralarında uşaqların, şagirdlərin, ailələrin, yerli və xarici turistlərin də olduğu ziyarətçilər Türkiyənin yerli və milli hərbi gəmisi TCG “Anadolu”ya yaxından baxmaq imkanı əldə ediblər.
Gəmidə sərgilənən yerli və milli müdafiə sənayesi məhsullarını izləyərək vəzifəli şəxslərdən məlumat alan vətəndaşlar gəminin göyərtəsində xatirə fotosu çəkdirməyi də unutmayıblar.
Gəmiyə baş çəkən 5-ci sinif şagirdi Deniz Negiz TCG “Anadolu”nun Türkiyəni təmsil edən çox böyük gəmi olduğunu bildirib: “Türkiyənin ən böyük gəmisi olması məni sevindirir. Gəmini gəzmək istəyirdim, burada olduğum üçün çox xoşbəxtəm”.
Ziyarətçilərdən Mehmet Emin Titiz Türkiyənin ən böyük gəmisi və dünyanın ilk zərbə tipli pilotsuz uçuş aparatı gəmisi olan TCG “Anadolu”ya baş çəkdiyini bildirərək qeyd edib: “Bu, həqiqətən də qürurverici hissdir. Mən də böyüyəndə Selçuk Bayraktar kimi döyüş təyyarəsi dizayn etmək istəyirəm. KAAN, Northrop B-2 “Spirit” və F-35 “Lightning II” kimi modellərin daha qabaqcıl versiyalarını hazırlayaraq Türkiyəni dünya markasına çevirmək istəyirəm”.
Ekrem Horoz gəmidə sərgilənən “Bayraktar” TB3-ə toxunduqdan sonra duyğulandığını dilə gətirərək deyib: “Rəbbim bunları hazırlayanlardan, buna vasitəçi olanlardan və əməyi keçənlərdən razı olsun. Allah onları qorusun, başımızdan əskik etməsin. Biz hər zaman onların dəstəkçisiyik. Vətəndaş olaraq üzərimizə düşən nə varsa etməyə hazırıq. Yetər ki, onlar var olsun. Türk ordusu dünyada hər zaman məzlumun yanında, zalımın qarşısında olsun”.