Ordu.az xəbər verir ki, İstanbul Sərgi Mərkəzinin ev sahibliyi etdiyi SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində “Base Studio”nun stendində keçirilən mərasimdə tərəflər müdafiə texnologiyaları və nəqliyyat vasitələrinin dizaynını əhatə edən anlaşma memorandumunu imzalayıblar.
Müqavilə çərçivəsində yeni nəsil nəqliyyat vasitələrinin dizaynları, mühəndislik həlləri və beynəlxalq bazarlara yönəlmiş məhsul inkişafı proseslərində tərəflərin birgə fəaliyyət göstərməsi planlaşdırılır. Əməkdaşlıq vasitəsilə son istifadəçinin ehtiyaclarına uyğun həllərin hazırlanması və müdafiə sənayesində ixracyönümlü layihələrin artırılması hədəflənir.
Mərasimdə çıxış edən “Tera Holding” İdarə Heyətinin sədri Emre Tezmen bildirib ki, Türkiyə müdafiə sənayesində artıq yalnız öz ehtiyaclarını qarşılayan ölkə deyil, inkişaf etdirdiyi texnologiyalarla dünyada diqqət çəkən güclü istehsal mərkəzinə çevrilib.
Tezmen qeyd edib ki, “BEST Grup” ilə “Base Studio” arasında imzalanan strateji əməkdaşlıq türk mühəndisliyinin çatdığı səviyyənin mühüm göstəricilərindən biridir.
“Yerli istehsal gücümüzü beynəlxalq mühəndislik baxışı ilə birləşdirərək yeni nəsil texnologiyalar hazırlamağa davam edəcəyik. Müdafiə sənayesində atılan hər güclü addım Türkiyənin müstəqil istehsal potensialına və milli texnologiya baxışına töhfə verir. İmzalanan müqavilə müdafiə texnologiyaları, hərbi nəqliyyat vasitələrinin mühəndisliyi, yeni nəsil zirehli nəqliyyat vasitələrinin dizaynları və nəqliyyat vasitələrinin layihələndirilməsi sahələrində birgə fəaliyyətin həyata keçirilməsini əhatə edir. Bu əməkdaşlıq sayəsində son istifadəçinin sahədəki ehtiyaclarına daha sürətli cavab verə bilən, təhlükəsizlik, dayanıqlılıq və əməliyyat səmərəliliyi baxımından daha güclü həllərin hazırlanması nəzərdə tutulur. Eyni zamanda Türkiyənin müdafiə sənayesi ixracına töhfə verəcək yeni məhsulların beynəlxalq bazarlara çıxarılması məqsəd qoyulur. Bu strateji əməkdaşlığın ölkəmiz, sektorumuz və müdafiə sənayemiz üçün uğurlu olmasını arzulayıram”, - deyə o bildirib.
“Base Studio” İdarə Heyətinin sədri Mehmet Remzi Oduncu isə “BEST Grup” ilə birlikdə fəaliyyət göstərməkdən məmnun olduqlarını və geniş məhsul çeşidləri ilə şirkətə töhfə verəcəkləri üçün qürur duyduqlarını bildirib.
“Bu əməkdaşlığın uzunmüddətli və səmərəli nəticələr verəcəyinə inanırıq. İnşallah, növbəti SAHA 2026 sərgisində birlikdə hazırlayacağımız yeni məhsulları nümayiş etdirməyi hədəfləyirik”, - deyə Oduncu qeyd edib.
Sevinc Əliyeva
Ordu.az