Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Türkiyə və Avropanın ən böyük müdafiə, aviasiya və kosmos sənayesi klasteri olan “SAHA İstanbul” tərəfindən İstanbul Sərgi Mərkəzində təşkil edilən SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisi davam edir.
“Anadolu” Agentliyinin (AA) qlobal kommunikasiya tərəfdaşı olduğu sərgidə MKE və JAVDES Şirkətlər Topluluğu arasında TOLGA yaxın hava hücumundan müdafiə sistemi başda olmaqla, MKE tərəfindən hazırlanacaq oxşar sistemlərin Jandarma Baş Komandanlığı tərəfindən ehtiyac duyulan sahələrə inteqrasiyasına yönəlmiş əməkdaşlıq həyata keçirilib.
Türkiyə milli müdafiə nazirinin müavini və MKE İdarə Heyətinin sədri Alparslan Kavaklıoğlunun iştirakı ilə keçirilən mərasimdə müqavilə MKE-nin baş direktoru İlhami Keleş ilə JAVDES Şirkətlər Topluluğunun baş direktoru Ufuk Soyluoğlu tərəfindən imzalanıb.
Mərasimdə çıxış edən Milli Müdafiə nazirinin müavini Kavaklıoğlu MKE-nin Türkiyənin ən qədim müdafiə sənayesi şirkəti olduğunu xatırladaraq, qurumun son illərdəki inkişafına diqqət çəkib.
MKE-nin son dövrdə həyata keçirdiyi layihələrdən bəhs edən Kavaklıoğlu bildirib: “MKE xüsusilə son iki ildə çox böyük sıçrayışlar etdi. Həm modernizasiya və yeni investisiyalar, həm də texnoloji potensial və qabiliyyət baxımından özünü inkişaf etdirdi. TOLGA da hazırladığımız məhsullardan biridir”.
Kavaklıoğlu TOLGA-nın çoxfunksiyalı və təsirli silah olduğunu vurğulayaraq deyib: “Sistemə çox böyük tələbat var. Bunları indi Jandarma qurumumuza da qazandırırıq”.
MKE-nin baş direktoru İlhami Keleş isə TOLGA-nın yalnız sabit obyektlərin deyil, eyni zamanda hərbi birləşmələrin hava hücumundan müdafiəsində də mühüm ehtiyacı qarşılayacağını bildirib.
Son dövrün ən mühüm təhdidlərindən birinin pilotsuz uçuş aparatları və dronlar olduğuna diqqət çəkən Keleş TOLGA-nın bu təhdidlərə qarşı ən geniş konsepsiya ilə həll təqdim etdiyini vurğulayıb.
Keleş Jandarma qurumunun öz bölmələrini və obyektlərini qorumaq məqsədilə həmin sistemi inventarına inteqrasiya etmək istədiyini bildirərək deyib: “JAVDES də bu mənada vəzifə götürmüş vəziyyətdədir. Atılan bu imzalarla ümid edirik ki, bu sistemləri Jandarma Baş Komandanlığına qazandırmış olacağıq”.
JAVDES Şirkətlər Topluluğunun baş direktoru Ufuk Soyluoğlu da bu müdafiə sistemini uğurlu həll kimi təqdim edən MKE-nin töhfələrinə dəyər qatmaqdan son dərəcə məmnun və qürurlu olduqlarını bildirib.
Sevinc Əliyeva
Ordu.az