Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
“KoçSavunma”dan verilən məlumata görə, SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisində imzalanan sazişə “KoçSavunma”nın baş direktoru Mehmet Hakan Öktem, “Timestamp” adından isə Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat üzrə vitse-prezident Nuno Dias imza atıb.
Saziş çərçivəsində iki şirkət, ilk növbədə Portuqaliya olmaqla, Avropa İttifaqı bazarında sualtı akustika, müdafiə və təhlükəsizlik texnologiyaları sahələrində birgə həllər hazırlamaq üçün əməkdaşlıq edəcək.
Bu istiqamətdə “Timestamp”ın Müdafiə, Təhlükəsizlik və Kəşfiyyat (SDI) bölməsi tərəfindən hazırlanmış süni zəka dəstəkli FusionData4Defense həlli “KoçSavunma”nın mövcud platforma və məlumat infrastrukturuna inteqrasiya ediləcək. Mövcud arxitekturanı dəyişmədən işləyən həll platformalardan əldə edilən məlumatları OSINT, SIGINT, kommersiya peyk görüntüləri, RF emissiya analizləri və müttəfiq qüvvələrin məlumat axınları kimi müxtəlif kəşfiyyat mənbələri ilə birləşdirərək əməliyyat barədə məlumatlılığı və qərar dəstəyi imkanlarını artıracaq.
Əməkdaşlıq çərçivəsində hazırlanacaq həllər çoxtəbəqəli kəşfiyyat birləşməsi, süni zəka dəstəkli təhdid proqnozu, real vaxt məlumat təhlili və mövcud platformalara fasiləsiz inteqrasiya kimi qabaqcıl imkanlar təqdim edəcək. Bu yolla mövcud müdafiə platformalarının əməliyyat səmərəliliyinin artırılması və yeni nəsil təhlükəsizlik ehtiyaclarına daha sürətli cavab verilməsi hədəflənir.
Sevinc Əliyeva
Ordu.az