B-52 “Stratofortress” Yeni Mühərrik və Radar Sistemləri ilə Geri Dönür

2026/05/1778248103.jpg
Oxunub: 535     17:47     08 May 2026    
Əfsanəvi B-52 bombardmançısının ən yeni versiyası olan B-52J yeni yanacağa qənaət edən mühərriklər və müxtəlif digər texniki yeniliklərlə təchiz ediləcək.

B-52 “Stratofortress” 1954-cü ilin avqustunda istifadəyə verildikdən sonra çoxsaylı modernləşdirmələrdən keçib. Bununla belə, onun ən son rəsmi indeks dəyişdirilməsi ilk istehsaldan cəmi yeddi il sonra, ilk B-52H bombardmançısının ABŞ Hərbi Hava Qüvvələrinin Strateji Hava Komandanlığına təhvil verilməsi ilə baş verib.

Sonuncu B-52H 1962-ci ilin oktyabrında istehsal xəttindən çıxıb və bununla da bütün B-52 istehsalına son qoyulub. B-52H üzərində yenilənmələr və təkmilləşdirmələr davam etsə də, onların heç biri indiyədək təyyarənin indeksinin dəyişdirilməsi üçün kifayət qədər əhəmiyyətli olmayıb. Bu ilin sonunda, B-52 istehsal xəttinin bağlanmasından 64 il sonra ABŞ Hərbi Hava Qüvvələri ilk B-52J-ni qəbul edəcək.

ABŞ Hərbi Hava Qüvvələri bazar ertəsi açıqlayıb ki, B-52J Kommersiya Mühərriklərinin Əvəzlənməsi Proqramı (CERP) Kritik Arxitektura Baxışını (CDR) uğurla başa vurub. Bu “həlledici mərhələ” modernləşdirmələrin B-52 platformasına tətbiq edilə biləcəyini təsdiqləyir.

Arxitektura dəyişikliyi 1960-cı illərə aid “Pratt & Whitney TF33” mühərriklərinin əvəzinə yeni “Rolls-Royce F130” mühərriklərinin quraşdırılmasına imkan verəcək. Bu, Soyuq müharibə dövrünə aid bombardmançıların modernləşdirilməsi istiqamətində illərlə aparılan işlərin nəticəsidir.

“Bu CERP kritik arxitektura baxışı “Boeing”, “Rolls-Royce” və Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi böyük mühəndislik və inteqrasiya işlərinin kulminasiyasıdır və bu, B-52J-nin gələcək nəsillər üçün döyüş qabiliyyətini qoruyub saxlamasına imkan verəcək”, - deyə Bombardmançılar Direktorluğunun CERP proqram meneceri polkovnik-leytenant Tim Kliver bildirib.

İlk iki B-52 artıq yeni mühərriklərlə təchiz olunmağa hazırdır

Hazırda ABŞ Hərbi Hava Qüvvələri xidmətdə qalan bütün 76 ədəd B-52H “Stratofortress” bombardmançısının mühərriklərini dəyişdirməyi planlaşdırır. Bu, donanmanın ilk istifadəyə verilməsindən təxminən 100 il sonra, 2050-ci illərdə də əməliyyat qabiliyyətini saxlamasına imkan verəcək.

76 B-52 bombardmançısından 58-i Luiziana ştatındakı “Barksdale” Hərbi Hava Qüvvələri bazasında yerləşən 2-ci Bombardmançı Qanad və Şimali Dakota ştatındakı “Minot” bazasında yerləşən 5-ci Bombardmançı Qanadın aktiv tərkibindədir.

Daha 18 bombardmançı yenə “Barksdale” bazasında yerləşən 307-ci Bombardmançı Qanadın ehtiyat qüvvələrindədir, daha bir neçə təyyarə isə Arizona ştatındakı “Davis-Monthan” bazasının “təyyarə qəbiristanlığı”nda uzunmüddətli saxlanılır.

İlk iki “Stratofortress” bombardmançısı üzərində işlərin bu il Texas ştatının San Antonio şəhərində başlaması planlaşdırılır.

Bu yeni təşəbbüs uzun müddətdir gündəmdədir.

1970-ci illərdən etibarən B-52-nin istehsalçısı olan “Boeing” mühərriklərin dəyişdirilməsi imkanlarını araşdırmağa başlayıb və bu ideyaya 1990-cı illərdə yenidən qayıdıb. Həmin dövrdə ABŞ Hərbi Hava Qüvvələri bu təşəbbüsü rədd edib və bildirilib ki, mühərriklərin dəyişdirilməsi mövcud mühərrikləri işlək vəziyyətdə saxlamaqdan daha baha başa gələcək.

1990-cı illərin nisbətən sakit təhlükəsizlik mühiti, yəni ABŞ-nin böyük güc rəqibləri ilə üzləşmədiyi və müdafiə sənayesinə təzyiqin az olduğu dövr də bu qərarda rol oynayıb.

Daha sonra xidmət yanacaq xərclərinin kəskin artması səbəbindən mövqeyini dəyişməyə məcbur olub. 2021-ci ilin sentyabrında ABŞ Hərbi Hava Qüvvələri “Rolls-Royce F130” mühərriklərini seçdiyini açıqlayıb. Bu mühərriklər orijinal “Pratt & Whitney TF33” mühərriklərini əvəz edəcək.

“Rolls-Royce” şirkəti B-52 bombardmançılarının 2050-ci illərə qədər uçuş qabiliyyətini qoruyub saxlaması üçün 2,6 milyard dollarlıq CERP müqaviləsi əldə edib.

F130 mühərriki B-52J üçün etibarlı seçim hesab olunur. O, geniş şəkildə sınaqdan keçirilib və artıq 27 milyondan çox uçuş saatı toplayıb.

“Boeing” və “Rolls-Royce” F130 mühərrikinin B-52-nin mühərrik bölmələrinə dəqiq uyğunlaşdırılması və əlavə komponentlərin harada yerləşdirilə biləcəyini müəyyən etmək üçün sıx əməkdaşlıq edib. Bunun üçün iki şirkət rəqəmsal modellər mübadiləsi aparıb, bu imkan 1970-ci illərdə, hətta 1990-cı illərdə belə mövcud deyildi.

“Hərbi Hava Qüvvələri ilə sənaye tərəfdaşları arasında keçirilən formal baxışdan əvvəl bütün problemlərin həll olunduğunu təmin etmək məqsədilə aparılmış illərlə detallı arxitektura işləri və bir sıra “sınaq məşqləri”nin yekunu olaraq bu baxış mərhələsi tamamlanıb”, - deyə Hərbi Hava Qüvvələri bildirib.

Xidmət bu prosesi tələsik həyata keçirmir və ilk iki modernləşdirilmiş B-52J sınaq təyyarəsi yeni sistemlərin yoxlanılması üçün Kaliforniya ştatındakı “Edwards” Hərbi Hava Qüvvələri bazasına göndəriləcək. Bu mərhələ başa çatdıqdan sonra Hərbi Hava Qüvvələri donanmanın qalan hissəsinin modernləşdirilməsinə başlayacaq.

Mühərriklər bombardmançı üzərində həyata keçirilən ən böyük yeniliklərdən biridir. Bununla yanaşı, donanma köhnə radar sistemlərini “Raytheon” AN/APG-79 AESA radarı ilə əvəz etməyə başlayıb. Bu radar bombardmançının hədəf aşkarlama, situasiya məlumatlılığı və radioelektron mübarizə imkanlarını artıracaq.

Bundan əlavə, kokpitdə də yenilənmələr həyata keçirilib. Buraya rəqəmsal displeylərin, yeni uçuş kompüterlərinin və müasir mühərrik idarəetmə sistemlərinin quraşdırılması daxildir.

Təyyarədə həyata keçirilən ən vacib dəyişikliklərdən bəziləri isə nisbətən daha asan olub. 60 ildən sonra təyyarənin tualetinə nəhayət məxfilik pərdəsi əlavə edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: B-52-Stratofortress   ABŞ   Təyyarə  


Bizi "telegram"da izləyin