Rusiya səfiri: “Zelenskinin açıqlamaları həm də Ermənistan cəmiyyətində anlaşılmadı”

2026/02/1770797337.jpg
Oxunub: 387     15:02     08 May 2026    
“Rusiya tərəfi Ermənistanın xarici siyasət əlaqələrini şaxələndirmək üzrə suveren hüququna hörmətini daim vurğulayır və bunu Rusiya-Ermənistan əməkdaşlığına, həmçinin ümumi inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyətə zərər verməyəcəyi anlayışı ilə edir”.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin “İravunk” media holdinqinə müsahibəsində İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammitinə Rusiyanın münasibəti, orada səslənən bəyanatlar, əldə olunan nəticələr və Volodimir Zelenskinin iştirakı ilə bağlı sualı cavablandırarkən deyib.

“Rusiya Avropa Siyasi Birliyi formatının iştirakçısı deyil. Lakin açıq mənbələrdən görünür ki, Rusiya mövzusuna böyük diqqət ayrılıb, amma bu yalnız qarşıdurma məntiqi çərçivəsində olub. Zelenskinin Moskvanın ünvanına səsləndirdiyi aqressiv açıqlamalar təkcə Rusiya Müdafiə Nazirliyinin sərt xəbərdarlığına səbəb olmadı, həm də Ermənistan cəmiyyətində anlaşılmadı.

Rusiya və Belarusun əvvəlcə Avropa Siyasi Birliyi platformasına dəvət edilməməsi açıq şəkildə göstərir ki, bu təşəbbüsün müəllifləri birləşdirici gündəm formalaşdırmağa çalışmırlar. Onlardan fərqli olaraq, Moskva və Minsk Avrasiya qitəsində təhlükəsizliyin bölünməzliyi prinsiplərinə və Avrasiya dövlətlərinin Avrasiya problemlərinin həllində əsas məsuliyyət daşımasına əsaslanan açıq təhlükəsizlik arxitekturasının yaradılması təşəbbüsü ilə çıxış ediblər. Biz dialoq və konstruktiv əməkdaşlığa hazır olan bütün dövlətlərin bu prosesə qoşulmasına hazırıq”, - deyə səfir bildirib.

Diplomat qeyd edib ki, xüsusilə nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması sahəsində Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması istiqamətində müşahidə olunan ciddi irəliləyiş vəziyyətə müsbət təsir göstərir.

“Lakin Yaxın Şərq böhranının dalğaları İran ətrafındakı vəziyyətin gərginləşməsi fonunda Cənubi Qafqaza da çatır. ABŞ və İsrail tərəfindən hücuma məruz qalan İranla bağlı vəziyyət buna səbəb olur. Hazırda dünya iqtisadiyyatı üçün əsas su yollarından biri olan Hörmüz boğazı ətrafında yaranmış gərgin vəziyyət geniş müzakirə olunur. Aydındır ki, yanacaq, gübrə və ərzağın qlobal qiymətlərindəki dəyişikliklər Cənubi Qafqaz ölkələrinə təsirsiz ötüşə bilməz.

Bu baxımdan Ermənistan rəhbərliyi artıq mediada “Tramp yolu” (Zəngəzur dəhlizi-red.) layihəsinin icra müddətlərinin təxirə salındığını qeyd edib. Aydındır ki, Vaşinqtonun danışıqlar pərdəsi altında hərbi zərbələr hazırladığına görə Tehranın ABŞ-yə inamını itirməsi fonunda İranın şimal sərhədlərində nəqliyyat layihəsində ABŞ iştirakına İran dövlətinin təhlükəsizliyi üçün mümkün risk kimi baxılacaq.

Mehridən keçən yol ətrafındakı vəziyyətin müxtəlif tərəfləri Rusiya hökuməti sədrinin müavini Overçukun bu il aprelin 2-də TASS agentliyinə verdiyi müsahibədə ətraflı şərh olunub. O, xüsusilə qeyd edib ki, bu marşrut Rusiya ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılması üçün imkan yarada bilər”, - deyə səfir bildirib.

Gələcəkdə Ermənistan-Rusiya münasibətlərinin inkişaf prioritetlərindən danışan Sergey Kopırkin qeyd edib ki, ikitərəfli münasibətlər 34 il ərzində formalaşmış möhkəm müqavilə-hüquq bazasına əsaslanan çoxşaxəli və hərtərəfli xarakter daşıyır.

“İstiqamətlərin siyahısı siyasət, təhlükəsizlik və iqtisadiyyatdan tutmuş energetika, mədəniyyət, elm, turizm və digər sahələrə qədər çox genişdir. Eyni zamanda aydındır ki, həm ölkələrimiz, həm regional reallıqlar, həm də qlobal vəziyyət dəyişir. Bütün bunlar dövlətlərarası qarşılıqlı fəaliyyətimizin uyğunlaşdırılmasını tələb edir.

Biz toplanmış müsbət potensial əsasında irəliləmək niyyətindəyik. Ortaq tarix, coğrafiya, iqtisadi və şəxsi əlaqələr, diasporun rolu kimi güclü birləşdirici amillər yox olmayıb. Maraqların praqmatik uyğunluğuna əsaslanan yeni meyarların və əməkdaşlıq alqoritmlərinin hazırlanması üçün lazım olan hər şeyə sahibik: yüksək və ali səviyyələrdə birbaşa əlaqələr, Rusiya Federasiyası və Ermənistan Respublikası parlamentləri arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya, parlamentlərarası əməkdaşlıq komissiyası, xarici siyasət və digər qurumlar üzrə effektiv qarşılıqlı fəaliyyət mexanizmləri, regionlararası forum və s.

Əsas məsələ siyasi iradə nümayiş etdirmək və nəticəyə yönəlmiş yanaşmanı qorumaqdır. Bizim tərəfdən belə hazırlıq mövcuddur”, - deyə səfir sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin