Ermənistan XİN Rusiyadakı səfirin çağırılması barədə: “Əgər münasibət bildirilsə, məlumat verəcəyik”

2026/04/1775712278.jpg
Oxunub: 392     14:57     08 May 2026    
“Rəsmi İrəvan Rusiya mediasında Ermənistanın Rusiyadakı səfirinin ölkənin Xarici İşlər Nazirliyinə çağırılması ilə bağlı yayılan məlumata hələlik münasibət bildirmir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib.

“Əgər münasibət bildirilsə, məlumat verəcəyik”, - deyə o qeyd edib.

Bundan əvvəl Rusiya mediası Moskvada Ermənistanın səfiri Qurgen Arsenyanın 2026-cı il mayın 7-də Rusiya Xarici İşlər Nazirliyinə çağırıldığını yazmışdı.

Erməni diplomata bildirilib ki, respublikada Zelenskiyə Rusiya ünvanına terror təhdidləri səsləndirməsi üçün “platforma” verilməsi qətiyyən qəbuledilməzdir.

Bundan əlavə, ötən gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova növbəti brifinqində bildirib:

“İrəvan Rusiyaya qarşı addımlar atmamaqla bağlı verdiyi vədi pozub. Ermənistan hakimiyyətinin hazırkı xarici siyasət kursu gec-tez Ermənistanın Brüsselin anti-Rusiya xəttinə geri dönməz şəkildə cəlb olunmasına gətirib çıxaracaq. Ermənistan-Aİ sammitinin bəyannaməsi göstərir ki, Ermənistan hakimiyyətinin razılığı ilə ölkə aqressiv Avroatlantik mexanizmlərə doğru aparılır. Volodimir Zelenski erməni ev sahiblərinin bu anlaşılmaz nəzakətindən istifadə edərək siyasi unudulmadan çıxmağa və öz rusofob çıxışlarını səsləndirməyə çalışıb”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   XİN   Rusiya  


Bizi "telegram"da izləyin