KİV: Ermənistan Milli Təhlükəsizlik Xidməti hərbi məhsulların dövriyyəsinə nəzarət edəcək

2026/05/1778226721.jpg
Oxunub: 408     16:51     08 May 2026    
Ermənistan hökuməti gündəliyə çıxarılmayan məsələlər sırasında, Milli Təhlükəsizlik Xidməti tərəfindən hazırlanmış iki layihəni də qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Milli Təhlükəsizlik Xidməti (MTX) hərbi məhsulların dövriyyəsinə nəzarət edəcək” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, birinci məsələ “Ermənistanın 2026-cı il dövlət büdcəsi haqqında” qanunda yenidən bölgü və dəyişikliklər, Ermənistan hökumətinin 2025-ci il 25 dekabr tarixli N 1910-N qərarında dəyişiklik və əlavə edilməsi haqqında” layihənin ikinci bəndi “məxfi” kimi qeyd olunub.

“Sonuncu layihə ilə MTX-nin 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına nəqliyyat avadanlıqlarının təchizat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş satınalma planının nomenklaturasının dəyişdirilməsi təklif edilir. Məqsəd “hələ 2025-ci ildə Ermənistan MTX-nin ehtiyacları üçün müvafiq satınalma çərçivəsində üzərinə götürülmüş öhdəliklərin lazımi şəkildə yerinə yetirilməsi”dir.

Layihədə qeyd olunur ki, bu təklif dövlət büdcəsinin gəlir və xərclərində dəyişiklik yaratmayacaq.

“Gözlənilən nəticə: Layihənin qəbul edilməsi nəticəsində xidmət qarşısında qoyulan vəzifələrin həlli üzrə işlər daha səmərəli həyata keçiriləcək”, - deyə əsaslandırmada bildirilir.

Xülasə vərəqindən məlum olur ki, söhbət Ermənistan MTX-yə ayrılmış ümumi vəsaitlər çərçivəsində 73 500,0 min dramın yenidən bölgüsündən gedir”, - deyəö nəşr bildirib.

Müəllif yazıb ki, konkret olaraq, həmin məbləğ çərçivəsində 7 ədəd sedan kuzovlu avtomobilin alınması nəzərdə tutulur.

“Bir vahidin qiyməti 10 500,0 min dramdır. İkinci layihə Ermənistan hökumətinin 2009-cu il 12 noyabr tarixli N 1308-N qərarında əlavələr edilməsi ilə bağlı idi.

Bu layihə ilə hərbi təyinatlı məhsulun idxalı, ixracı, həmin məhsulun tranzit daşınması və bu məhsulun ticarətində vasitəçilik fəaliyyətinin lisenziyalaşdırılması üçün ərizənin rədd edilməsi ilə bağlı hüquqi tənzimləmələrin nəzərdə tutulması təklif olunur. Əgər lisenziyanın verilməsi Ermənistanın milli təhlükəsizliyinə və ya maraqlarına təhlükə yarada bilərsə, müraciət rədd ediləcək”, - deyə məqalədə qeyd edilib.

Müəllif vurğulayıb ki, Ermənistan MTX-nin məlumatına görə, layihənin qəbul edilməsi nəticəsində hərbi təyinatlı məhsulların dövriyyəsindən irəli gələn və Ermənistanın milli təhlükəsizliyinə və ya maraqlarına təhlükə yarada biləcək mümkün risklərin daha idarəolunan hala gətirilməsi üçün dəqiq hüquqi tənzimləmələr müəyyən olunacaq.

“Layihənin qəbulu parlamentin 2021-ci il 26 avqust tarixli N AJO-002-N qərarı ilə təsdiqlənmiş Ermənistan hökumətinin (2021-2026-cı illər) proqramının 1-ci fəslinin “Terrorçuluq və digər zorakı ekstremizm təzahürlərinə qarşı mübarizə” bəndindən irəli gəlir. Həmin bəndə əsasən, Ermənistanın xarici təhlükəsizliyinin təmin edilməsində ən mühüm amillərdən biri terrorçuluq və digər zorakı ekstremizm təzahürlərinə qarşı mübarizə, bu sahədə Ermənistanın beynəlxalq və dövlətlərarası müqavilə və razılaşmalar çərçivəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi olaraq qalır”, - deyə əsaslandırmada bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin