Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrin məlumatına görə, hakimiyyət güc strukturları vasitəsilə poliklinika, uşaq bağçası və digər müəssisələrdə çalışan qeyri-hakimiyyət yönlü əməkdaşları müəyyənləşdirir.
“Müəssisə rəhbərləri vasitəsilə qeyri-rəsmi şəkildə “seçki yoxlaması” aparılır. Məqsəd əməkdaşların hansı siyasi baxışlara sahib olduğunu və iyunun 7-də keçiriləcək seçkilərdə təxminən kimə səs verəcəyini öyrənməkdir.
Hakimiyyət nümayəndələri müəyyən əməkdaşın müxalif qüvvələrə səs verəcəyindən və “Vətəndaş Müqaviləsi”ni dəstəkləməyəcəyindən şübhələndikdə, müxtəlif üsullarla izahat xarakterli söhbətlər aparmağa, onları seçkilərdə iştirak etməməyə inandırmağa çalışırlar”, - deyə müəllif bildirib.
Nəşrin iddiasına görə, həmin şəxslərə psixoloji təsir göstərməyə cəhd edilir və seçkilərdən sonra vəziyyətdən asılı olmayaraq hakimiyyətdə yenə də “Vətəndaş Müqaviləsi”nin qalacağı, müxalifət tərəfdarlarının isə problemlərlə üzləşəcəyi bildirilir.
“Hraparak” qeyd edib ki, nümayişkaranə şəkildə “Vətəndaş Müqaviləsi” seçicilərinin siyahıları tərtib olunur və insanlara kimlərin necə səs verdiyini müəyyən etməyin mümkün olacağı aşılanır.
“Bütün ümid qorxu amilinə və insanların məlumatsızlığına hesablanıb ki, onlar hakim partiyanın “fövqəlinsani imkanlarına” və uğursuzluğa düçar olmuş “Vətəndaş Müqaviləsi”nin qeyd-şərtsiz qələbəsinə inansınlar”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az