Ermənistan KİV-i: Paşinyanın komanda yoldaşının birbaşa Azərbaycandan buğda idxalı ilə bağlı iddiası yanlışdır

2026/05/1778222298.jpg
Oxunub: 420     10:33     08 May 2026    
Ermənistan parlamentinin “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Hasmik Hakopyanın birbaşa Azərbaycandan Ermənistana buğda idxal edilməsi ilə bağlı səsləndirdiyi fikirlər rəsmi məlumatlarla təsdiqlənmir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, Hasmik Hakopyan “Hetq” nəşrinə müsahibəsində Ermənistana buğdanın birbaşa Azərbaycandan idxal edildiyini bildirib. Jurnalistin söhbətin Gürcüstan ərazisi vasitəsilə tranzitdən getdiyini dəqiqləşdirməsinə baxmayaraq, erməni deputat yenidən “xeyr, biz buğdanı birbaşa Azərbaycandan idxal edirik, blokadanın açılması məhz budur” deyə israr edib.

Lakin “Joğovurd” qəzetinin sorğusuna cavab olaraq Ermənistan Dövlət Gəlirləri Komitəsinin təqdim etdiyi rəsmi məlumatlar tamamilə fərqli mənzərə ortaya qoyub.

Komitə bildirib ki, 2024-cü il yanvarın 1-dən 2026-cı il mayın 4-dək Ermənistana idxal edilən TN VED 1001 kodlu buğda ilə bağlı məlumatlar məhsul bəyannamələri və təsərrüfat subyektlərinin təqdim etdiyi statistik formalar əsasında hazırlanıb.

“Həmin məlumatlara əsasən, göstərilən dövrdə buğda idxalı cədvəlində Azərbaycan nə ixracatçı ölkə, nə də mənşə ölkəsi kimi qeyd olunub.

Dövlət Gəlirləri Komitəsinin təqdim etdiyi arayışa görə:

2024-cü ildə Ermənistana 314 min 538,4 ton buğda idxal edilib. Cədvəldə ixracatçı və mənşə ölkəsi kimi Rusiya göstərilib.

2025-ci ildə Ermənistana 332 min 294,8 ton buğda idxal edilib. Məlumatlarda Qazaxıstan, Əlcəzair və digər ölkələr ixracatçı və ya mənşə ölkəsi kimi qeyd olunub.

2026-cı il yanvarın 1-dən mayın 4-dək olan dövrdə Ermənistana 77 min 226,4 ton buğda idxal edilib. Cədvəldə yenə də Azərbaycanın adı yer almayıb”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, beləliklə, rəsmi gömrük və statistik məlumatlar hakim partiyanın idarə heyətinin üzvü olan Hasmik Hakopyanın “buğda Ermənistana birbaşa Azərbaycandan idxal edilir” iddiasını təsdiqləmir.

Nəşrə görə, diqqətçəkən məqamlardan biri də odur ki, Hasmik Hakopyan daha sonra “Joğovurd” qəzetinə müsahibəsində öz ifadəsini yumşaltmağa çalışaraq belə deyib: “Bu günədək təkzib etmək imkanım olub və bir daha təkzib edirəm. Veriliş zamanı işlətdiyim ifadə çaşqınlıq yarada bilərdi”.

Bundan sonra erməni deputat əlavə edib: “Bildiyiniz kimi, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətləri aradan qaldırdı və bundan sonra Azərbaycan və Gürcüstan vasitəsilə Ermənistana yüklər çatdırılır”.

Lakin nəşr vurğulayıb ki, bu, artıq ilkin bəyanatdan əhəmiyyətli dərəcədə fərqli formuldur.

Müəllif bildirib ki, “Buğda Ermənistana birbaşa Azərbaycandan idxal edilir” deməklə, “bəzi yüklər Azərbaycan və Gürcüstan üzərindən tranzitlə Ermənistana çata bilər” demək eyni məna daşımır.

“Birinci halda söhbət Azərbaycandan və ya Azərbaycanın birbaşa iştirakı ilə buğda idxalından gedə bilər. İkinci halda isə söhbət yalnız tranzit marşrutundan gedir və bu, konkret olaraq buğda ilə bağlı təsdiqlənmiş fakt deyil.

Dövlət Gəlirləri Komitəsinin cavabı faktiki olaraq təsdiqləyir ki, 2024-2026-cı illərdə Ermənistana idxal edilən buğda ilə bağlı rəsmi məlumatlarda Azərbaycanın adı yoxdur. Buna görə də hakim partiyadan olan deputatın “buğda Ermənistana birbaşa Azərbaycandan gəlir” barədə ictimai bəyanatı ən azı faktiki əsaslarla təsdiqlənmir”, - deyə “Joğovurd” qeyd edib.

Nəşr qeyd edib ki, bu hekayənin problemi təkcə uğursuz ifadə seçimi deyil.

“Burada söhbət ərzaq təhlükəsizliyi, hərbi-siyasi həssaslıq və ictimai etimaddan gedir. Hakim partiyanın deputatı rəsmi məlumatlara əsaslanmadan belə bir iddia səsləndirəndə, cəmiyyətdə Azərbaycanın artıq Ermənistanın buğda təchizat zəncirində birbaşa rol oynadığı barədə yanlış təsəvvür yarana bilər. Dövlət Gəlirləri Komitəsinin sənədli cavabı isə əksini göstərir.

Beləliklə, Hasmik Hakopyanın bəyanatı və sonrakı izahı həmin iddianın faktiki əsaslandırılmasından daha çox ilkin iddiadan geri addım atmağa bənzəyir.

Bu hekayədə ən təəccüblüsü odur ki, müxalifət nümayəndələrinin hətta asqırığını belə təkzib edən hakim partiya deputatları, Dövlət Gəlirləri Komitəsi və İqtisadiyyat Nazirliyi Hasmik Hakopyanın yalan danışdığını deməyə cəsarət etmədilər. Deputatın özü də, “Vətəndaş Müqaviləsi”ndə qəbul olunduğu kimi, yaydığı yalan məlumata görə üzr istəməyi lazım bilmədi”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan   Taxıl  


Bizi "telegram"da izləyin