Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentindən “İzvestiya”ya bildirilib.
“Biz artıq dəfələrlə Brüsselin Cənubi Qafqaz və Ermənistanla bağlı həqiqi məqsədləri barədə danışmışıq. “Tərəfdaşlığın dərinləşdirilməsi”, “islahatlara dəstək”, “demokratiyaya dəstək” kimi gözəl şüarların arxasında tamamilə praqmatik hesablama dayanır: respublikanı etibarlı təhlükəsizlik sistemindən və sabit iqtisadi əlaqələrdən ayırmaq.
Üstəlik, onilliklər ərzində ölkənin sabitliyini təmin etmiş alətlərə heç bir aydın alternativ təklif olunmur”, - deyə qurumdan bildirilib.
Məlumata görə, avropalı rəsmilər etiraf edirlər ki, Ermənistanın hipotetik olaraq Avropa İttifaqına üzvlük yolu ən azı bir onillik çəkə bilər və yekun nəticəyə zəmanət yoxdur.
Rusiya XİN-də qeyd edilib ki, Avropa İttifaqına namizəd ölkələr isə çox sürətlə siyasi iradədən asılı vəziyyətə düşürlər.
Diplomatlar əlavə ediblər ki, İrəvan Moskvanın müttəfiqi olaraq Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tamhüquqlu üzvü olaraq qalır.
“Lakin biz həm ikitərəfli, həm də ümumi çoxtərəfli formatlar çərçivəsində onun öhdəliklərinə zidd olan addımlara göz yuma bilmərik.
Ümid edirik ki, Ermənistan rəhbərliyi yad geosiyasi oyunlara uyğunlaşmayacaq və ilk növbədə ölkənin uzunmüddətli milli maraqlarını əsas götürəcək.
Hesab edirik ki, İrəvan Avropa İttifaqı nümayəndələrinə erməni müttəfiqlərimizin xarici iqtisadi əlaqələrin genişləndirilməsinə marağından istifadə edərək formalaşmış siyasi, tarixi, humanitar və iqtisadi əlaqələrə zərər vurmağa imkan verməyəcək”, - deyə Rusiya XİN qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az