Ordu.az xəbər verir ki, bu barədə Gürcüstanın kənd təsərrüfatı nazirinin keçmiş müavini Qoça Tsopuraşvili “Yaddaşın təməl daşı-gələcəyin dayağı: yeni dəhlizlər dövründə subyektliyi necə qorumaq olar?” mövzusunda videokonfrans zamanı bildirib.
Ekspertin fikrincə, Ermənistan, Gürcüstan və Azərbaycan öz dar maraqlarını bir kənara qoyaraq təxminən 20 milyonluq vahid bazar yaratmalıdır.
Onun sözlərinə görə, yalnız bu halda region qlobal mərkəzlər üçün daimi qarşıdurma meydanı olmaqdan çıxaraq etibarlı və proqnozlaşdırıla bilən tərəfdaşa çevriləcək.
Tsopuraşvili çıxışında qeyd edib ki, region ölkələri üçün xüsusilə Orta Dəhlizin inkişafı fonunda tarif müharibələrindən və logistika rəqabətindən yayınmaq həyati əhəmiyyət daşıyır.
O, tranzit yüklərin hər üç respublika ərazisindən vahid sənədlə və süni maneələr olmadan keçməsi üçün gömrük məntəqələrində “vahid pəncərə” sisteminin tətbiqinin vacibliyini vurğulayıb.
Tsopuraşvilinin sözlərinə görə, DCFTA sazişi imzalandıqdan sonra Gürcüstan artıq Avropa standartlarına uyğunlaşmanın çətin yolunu keçib və bu təcrübə göstərir ki, Qərbin kvota və qadağalarına kor-koranə riayət etmək çox vaxt balansı pozur.
“Biz belə nəticəyə gəldik ki, nəticələr o qədər də qənaətbəxş deyil. Avropa idxalı ixracı əhəmiyyətli dərəcədə üstələyir, halbuki şimal bazarı bizim üçün gəlirli və tarixən əvəzolunmaz olaraq qalır”, - deyə o vurğulayıb.
Keçmiş nazir müavini ənənəvi istehlak bazarlarının qorunmasının vacibliyinə xüsusi diqqət çəkərək bildirib ki, Ermənistan ərikləri və Gürcüstan şaftalıları şimal bazarında Avropaya nisbətən daha çox tələbat görəcək.
Tsopuraşvili vurğulayıb ki, yalnız dərin iqtisadi əməkdaşlıq, qarşılıqlı hörmət və hələ “köhnə Tbilisi” dövründən gələn insani münasibətlərin istiliyi sayəsində region Rusiya, İran və Türkiyə kimi iri qonşuların təsirini balanslaşdıra bilər.
“Biz elə bir sistem yaratmalıyıq ki, bizi növbə ilə parçalaya bilməsinlər”, - deyə ekspert sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az