Ordu.az xəbər verir ki, bu barədə CNN televiziya kanalının tanış olduğu sənəddə qeyd olunub.
Beləliklə, Tehran ABŞ-nin xəbərdarlıqlarına baxmayaraq, bu strateji su yoluna nəzarəti rəsmiləşdirmək istiqamətində səylərini davam etdirir.
“Gəmi haqqında məlumat bəyannaməsi” adlanan sənəd İranın yeni yaradılmış Fars körfəzi və Hörmüz boğazı Administrasiyası (PGSA) tərəfindən hazırlanmış müraciət formasıdır. Təhlükəsiz keçidin təmin olunması üçün boğazdan keçən bütün gəmilər bu formanı doldurmalıdır. Sənəd CNN-ə “Lloyd’s List” nəşri və anonim qalmaq istəyən gəmiçilik sahəsindəki digər mənbə tərəfindən təqdim olunub.
Gəmiçilik şirkətlərinə göndərilən PGSA sənədinə 40-dan çox sual daxil edilib. Sənəddə gəmilərdən adı və identifikasiya nömrəsi, əvvəlki adları, mənşə və təyinat ölkələri barədə məlumat vermələri tələb olunur. Bundan əlavə, qeydiyyatdan keçmiş sahiblər və operatorlar, ekipaj üzvlərinin vətəndaşlığı, həmçinin yük barədə məlumatların təqdim edilməsi də vacibdir.
PGSA-nın məlumatına görə, gəmi boğazdan keçməzdən əvvəl bu məlumat elektron poçt vasitəsilə quruma göndərilməlidir.
Fevralın sonuna qədər ABŞ və İsrailin İrana qarşı hərbi kampaniyasının başlanmasına qədər boğaz mənşəyindən asılı olmayaraq bütün gəmilər üçün açıq idi. Lakin münaqişənin başlanmasından etibarən İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin icazəsi olmadan Hörmüzdən keçən istənilən gəmiyə hücum etməklə hədələyir.
Artıq bir sıra gəmilər hücumlara məruz qalıb, lakin gəmi sahibləri və operatorların əksəriyyəti risk etməməyə üstünlük verir və İranın tələblərindən yan keçərək gəmiləri boğazdan keçirmir.
Boğazın idarə olunması üçün ayrıca qurumun yaradılması İranın ABŞ və region ölkələrinin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, bu bölgə üzərində nəzarəti gücləndirmək niyyətini nümayiş etdirir. Tehran bu bölgəni “müharibə qəniməti” kimi qiymətləndirir.
Dünya üzrə neftin və mayeləşdirilmiş təbii qazın təxminən beşdə birinin keçdiyi bu su yoluna nəzarət İran İslam Respublikasına qonşu ölkələr və qlobal iqtisadiyyat üzərində ciddi təsir imkanı verir. Hörmüz boğazının bağlanması daha əvvəl tarixdə ən böyük neft şokuna səbəb olmuş, enerji daşıyıcılarının qiymətlərini kəskin şəkildə artırmışdı. Çərşənbə günü ABŞ-də benzinin qiyməti son dörd ildə ilk dəfə bir qallon üçün 4,50 dolları ötüb.
Çərşənbə günü İranın ali rəhbəri Müctəba Xameneyinin teleqram kanalında onun Fars körfəzi ilə bağlı baxışlarını əks etdirən paylaşım dərc olunub.
Lider “güclü İran strategiyası altında regional və qlobal yeni nizamın qurulmasına” çağırıb və bildirib ki, bu sistemdə xaricilərə “və onların zərərli fəaliyyətinə” yer olmayacaq. O, xüsusilə “boğazın bağlanması rıçağından istifadəni” həmin strategiyanın həyata keçirilməsi vasitələrindən biri kimi qeyd edib.
Aprelin sonunda Xameneyiyə aid edilən açıqlamada İranın həmin ərazidə gəmiçiliyə nəzarət mexanizmi yaradacağı bildirilib. Açıqlamada qeyd olunub ki, İran “yeni hüquqi çərçivələr və Hörmüz boğazının idarəetmə sistemini” tətbiq edəcək və bu, qonşu ölkələrə fayda verəcək, həmçinin iqtisadi baxımdan səmərəli olacaq.
Bəyanatda həmçinin deyilir: “Minlərlə kilometr uzaqdan gələn, mənfəət və düşmənçilik motivləri ilə hərəkət edən xaricilərin orada həmin suların dibindən başqa yeri yoxdur”.
Sevinc Əliyeva
Ordu.az