Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, müvafiq qərar mayın 7-də Ermənistan hökumətinin iclasında qəbul olunub.
Qərarda hərbi təyinatlı məhsulların idxalı, ixracı, tranzit daşınması və bu cür məhsulların ticarəti üzrə vasitəçilik fəaliyyəti üçün lisenziyaların verilməsindən imtina edilməsini tənzimləyən hüquqi normalar nəzərdə tutulur. Bu, lisenziyanın verilməsinin Ermənistanın milli təhlükəsizliyi və ya maraqları üçün təhlükə yaratdığı hallarda tətbiq olunur.
Qeyd edilir ki, əvvəllər qüvvədə olan hüquqi normalarda hərbi təyinatlı məhsulların idxalı, ixracı, tranziti və ya bu məhsulların ticarəti üzrə vasitəçilik fəaliyyəti üçün təqdim olunan lisenziya müraciətinin Ermənistanın milli təhlükəsizliyi və ya maraqları üçün təhlükə yaratdığı əsasla rədd edilməsi imkanı nəzərdə tutulmurdu.
“Müasir geosiyasi vəziyyət, müxtəlif regionlarda müharibə və silahlı münaqişələrin mövcudluğu, həmçinin hərbi texnologiyaların sürətli inkişafı hərbi məhsulların dövriyyəsinə daha effektiv nəzarətin tətbiqini tələb edir.
Müvafiq nəzarət olmadan qeyd olunan fəaliyyətlə məşğul olmaq müxtəlif arzuolunmaz nəticələrə səbəb ola bilər. Xüsusilə, hərbi məhsullar Ermənistana və ya onunla müttəfiqlik münasibətlərində olan dövlətlərə qarşı istifadə oluna, terrorçu və ya qanunsuz silahlı qruplaşmaların silahlanmasına şərait yarada, Ermənistanın beynəlxalq nüfuzunun azalmasına və diplomatik münasibətlərdə çətinliklərin yaranmasına səbəb ola bilər”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az