Ordu.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Xarici Siyasət Araşdırmaları İnstitutunun idarə heyəti sədrinin müavini Manarbek Kabaziyev bildirib.
Ekspert vurğulayıb ki, müasir geosiyasi qeyri-sabitlik şəraitində Cənubi Qafqazda kommunikasiyaların blokdan çıxarılması xüsusi aktuallıq qazanır, bu isə Avrasiya marşrutlarının yeni regional təşəbbüslərlə birləşdirilməsi üçün əlavə imkanlar yaradır.
Kabaziyev müsahibə zamanı qeyd edib ki, Qazaxıstan və Ermənistan münasibətləri strateji səviyyəyə çıxarmağa çalışırlar və nəqliyyat-logistika sahəsi əsas əməkdaşlıq istiqamətlərindən biridir. O təsdiqləyib ki, dəmir yollarının idarə olunması məsələsi birbaşa TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi ilə bağlıdır və Astananın bazarlara çıxışı genişləndirmək üçün logistika maneələrini azaltmaq istəyindən irəli gəlir.
“Əlbəttə, Qazaxıstan bu məsələdə çox ciddi maraq göstərir. Buna görə düşünürəm ki, prinsip etibarilə bizim belə yaxşı imkanımız var”, - deyə qazax ekspertlər birliyinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, belə layihələrin həyata keçirilməsi Ermənistanın “Şimal-Cənub” və “Qərb-Şərq” marşrutlarının kəsişməsində mühüm nəqliyyat qovşağı kimi rolunu gücləndirəcək.
Moskva ilə münasibətlərdə bu təşəbbüsə görə yarana biləcək çətinliklərlə bağlı suala cavab verən Kabaziyev vurğulayıb ki, hər bir ölkənin öz milli maraqları var və bu halda həmin maraqlar ümumi yanaşmaların tapılması vasitəsilə uzlaşdırıla bilər.
O, həmçinin KTMT-də mövcud gərginlik fonunda İrəvan və Astana arasında isti münasibətlər mövzusuna toxunaraq bildirib ki, ikitərəfli dialoq dərin etimad və qarşılıqlı anlaşma üzərində qurulur.
“Biz ikitərəfli münasibətlərimizdə, beynəlxalq və regional təşkilatlarda hər zaman ümumi qarşılıqlı anlaşma tapırıq”, - deyə o əlavə edib və birgə iqtisadi, həmçinin infrastruktur layihələrinin həyata keçirilməsi üçün dövlət qurumları arasında birbaşa əlaqələrin vacibliyini vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az